Kölgə arxasında uçan DRONLAR: İranın içindəki görünməz müharibə necə BÖYÜDÜ?
Müasir münaqişələrdə texnologiya təkcə silah deyil, eyni zamanda ideologiya və psixoloji basqı vasitəsidir. Güllə atmadan dövlətlərin içinə sızmaq, daxildə texniki bir infrastruktur qurmaq və bunu da səssiz-sədasız etmək – məhz XXI əsrin yeni müharibə forması budur. Son iddialar isə göstərir ki, İsrailin kəşfiyyat orqanı “Mossad” bu sferada oyunu qaydalardan kənar oynamaqda ustadır.
Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, İsrail aylarla İran ərazisinə PUA hissələrini çamadanlar, yük maşınları və konteynerlər vasitəsilə keçirib. Yəni bu, sadəcə texnoloji qaçaqmalçılıq deyil, strateji məkanın içində gizli “əməliyyat otağı” qurmaq deməkdir. İran və İsrail arasındakı gərginliyin artıq regional xarakter daşıdığı bir vaxtda bu cür faktlar göstərir ki, tərəflər müharibəni yalnız sərhəddə yox, bir-birinin “evində” də aparır.
Texnologiyanın diplomatik pasportu
Fikrimcə, PUA-ların hissələrinin “kommersiya kanalları” ilə İrana daxil olması, əslində, çox şey deyir. Bu, ilk növbədə, İranın gömrük və nəzarət mexanizmlərinin texnoloji təhdidlərə qarşı hazırlıqsız olduğunu göstərir. Amma daha dərinə getsək, burada məhz kommersiya infrastrukturlarından istifadə olunması, “hər şeyin mal, heç nəyin silah” kimi təqdim edildiyi müasir casusluq strategiyasının açıq nümunəsidir.
Yəni, dronun bir hissəsi – məsələn, kamerası ayrı bir göndərişdə gəlir, enerji batareyası başqa konteynerdə, nəzarət sistemləri isə üçüncü bir ölkədən fərqli marşrutla çatdırılır. İranın içində isə bu detallar peşəkar əllərdə birləşdirilərək, hədəfə çevrilir.
İnsan faktoru: Casusluğun səssiz əsgərləri
Ən az texnologiya qədər önəmli olan amil isə insandır. “Mossad” bu əməliyyatda İranda fəaliyyət göstərən agent şəbəkəsinə güvənib. Hissələri qəbul edən, onları montajlayan və sonra təlimatla bölüşdürən bu “səssiz əsgərlər” İranın siyasi anatomiyasında artıq xərçəng hüceyrələri kimi dolaşır. İddiaya görə, “Mossad” agentləri əvvəlcə üçüncü ölkələrdə təlim alıb, sonra ölkəyə qayıdaraq öz komandalarına təlim keçiblər. Bu, klassik “hüceyrə modeli”dir – hər qrup yalnız öz missiyasını bilir və struktur tam ifşa olunmur. Belə bir sistem isə yalnız uzunmüddətli planlaşdırma və etibarlı insan resursları ilə mümkündür.
Nəzarət zəifdir, yoxsa…
Bu cür əməliyyatların uğur qazanması İran daxilində bəzi sistemlərin ya zəifliyinə, ya da kənardan təsirlənə bildiyinə işarədir. Əgər “Mossad” aylarla bir ölkəyə kəşfiyyat-silah komponentləri keçirə bilirsə, burada ya ciddi sistem boşluğu var, ya da prosesə içəridən göz yuman güclər. İran hakimiyyətinin daxilindəki fraksiyalararası mübarizə, siyasi etimadsızlıq və mərkəzi nəzarətin zəifləməsi bu cür sızmalara zəmin yaradır. Bu isə təkcə kəşfiyyat deyil, eyni zamanda İranın daxili sabitliyinə qarşı yavaş və davamlı bir sarsıtma planıdır.
Gələcək ssenari: texnologiyanın gətirdiyi qaranlıq era
Məlumatlara görə, bu dronlar son aylarda İranda həyata keçirilən bəzi müəmmalı partlayışlarda və sui-qəsdlərdə rol oynayıb. Əgər bu belədirsə, artıq İranın öz ərazisindəki təhlükə xarici raketlərdən yox, daxildəki “kiçik, ağıllı, səssiz düşmənlərdən” gəlir. Odur ki, son baş verənləri təkcə “Mossad”ın zəfəri deyil. Bu, həm də müasir müharibələrin necə dəyişdiyinin simvoludur.
Odur ki, İran ərazisində belə bir kompleks dron şəbəkəsinin qurulması həm İsrailin texnoloji kəşfiyyat gücünü, həm də İranın daxili təhlükəsizlik problemlərini açıq şəkildə nümayiş etdirir. İsrailin İrana qarşı mübarizəsi artıq açıq müharibə meydanında deyil, evlərin içində, şəhərlərin altında və göydə – bir sözlə, görünməz cəbhədə gedir.
Rafi Müslümov