Kolumbiya Senatı Xocalı faciəsi ilə bağlı bəyanat qəbul etdi

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə 1992-ci ilin 26 fevral tarixində azərbaycanlı mülki əhaliyə qarşı Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü azyaşlı uşaq, 106-sı qadın və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakinin qətlə yetirildiyi qeyd olunub.

Sənəddə bir sıra dünya ölkələrinin qanunverici orqanları tərəfindən tanınmış Xocalı soyqırımının 29-cu ildönümünün Kolumbiya Senatı tərəfindən qeyd edildiyi və faciə qurbanlarının xatirəsinin anıldığı bildirilib.

Bəyanatda həlak olmuş soydaşlarımızla əlaqədar dost ölkə Kolumbiyanın Azərbaycan hökumətinə, xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılıb.

Loading...