Yeni ili qeyd etməkdə haram AXTARIŞI: "Bunu günah görmək artıq din yox, psixologiya ilə əlaqəlidir" - İLAHİYYATÇI

media-hightechnic-468x90

“Yeni il sadəcə zaman ölçüsündə rəqəm dəyişikliyidir”.

Bu sözləri Yeni ilin xristian bayramı olması və müsəlmanların bu bayramı qeyd etməmələri yönündəki çağırışlara münasibət bildirən ilahiyyatçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib.

İlahiyyatçı qeyd edib ki, Yeni il məsələsi dinlə mədəniyyətin, ibadətlə adətin, aqidə ilə zamanın kəsişdiyi nöqtədə dayanır:

“Burada əsas problem “31 dekabr axşamı süfrə açmaq” deyil, o süfrəyə hansı niyyətlə oturmaqdır. Din tarix boyu formaya yox, məzmuna önəm verib. Quran da, sünnə də insanın qəlbinə baxır, təqvim vərəqlərinə yox. Yeni il nədir? Sadəcə zaman ölçüsündə bir rəqəmin dəyişməsidir. Bir il gedir, digəri gəlir. Bu rəqəmi müqəddəsləşdirən də yoxdur, onu lənətləyən də. Din Yeni ilin qeydini əmr etmir, amma avtomatik olaraq haram da elan etmir. Çünki bu gün Yeni il dünyada dini bir bayram kimi yox, qlobal zaman anlayışının dəyişməsi kimi qəbul olunur. Bu artıq xristian teologiyasının içində olan bir ibadət günü deyil, beynəlxalq vaxt simvoludur”.

Ə. Həsənov bildirib ki, “Yeni il xristianların bayramıdır” fikri daha çox sonradan formalaşmış bir yanaşmadır:

“Maraqlıdır ki, bu iddia nə Quranda bu şəkildə keçir, nə də erkən dövr fiqh müzakirələrində bugünkü sərt forması ilə mövcuddur. Bu mövqe daha çox kimlik qorxusunun məhsuludur. Müsəlman özünü zəif hiss etdikcə, qorunmaq instinkti ilə hər şeyi “bizdən deyil” deyə kənara itələməyə başlayır. Halbuki güclü kimlik başqasının sevincindən narahat olmaz. Allah Rəsulu müsəlmanlara xristian və yəhudilərin dini bayramlarını ibadət niyyəti ilə qeyd etməyi qadağan edib və bunun əvəzində Ramazan və Qurban bayramlarını verib. Bu məsələ açıq və mübahisəsizdir. Müsəlman öz dini bayramlarını arxa plana atmamalıdır, bu, prinsipdir. Amma buradan belə bir nəticə çıxarmaq ki, müsəlman zamanın dəyişməsinə sevinə bilməz, bu artıq mətnin yox, zehniyyətin oxunuşudur”.

İlahiyyatçının fikrincə, “Hər kim bir qövmə bənzəyərsə, o da onlardandır” hədisi kontekstdən qoparılıb hər məsələyə tətbiq ediləndə problem yaranır:

“Klassik alimlər bu hədisi heç vaxt zahiri və mexaniki şəkildə anlamayıblar. Əgər belə olsaydı, kağızdan istifadə də haram sayılardı, çünki onu ilk sistemli şəkildə müsəlmanlar istifadə etməyib. Saat taxmaq, mikrofonla xütbə oxumaq, təyyarə ilə həccə getmək də “bənzəmək” hesab olunardı. Deməli, məsələ zahiri forma deyil, dini simvol və niyyətdir.

Bizim cəmiyyətin özünəməxsus tarixi var. Yetmiş ilə yaxın ateist sistemdə yaşamışıq, paralel olaraq xristian mədəniyyətinin, xüsusilə rus ənənələrinin təsiri altında formalaşmışıq. Bu reallığı nəzərə almadan verilən dini hökmlər havada qalır”.

O vurğulayıb ki, din reallıqla əlaqəni itirəndə insanlar dini yox, din dili ilə danışanı tərk edirlər:

“Üstəlik, Azərbaycan tolerantlıq üzərində qurulmuş bir cəmiyyətdir. Burada insanlar Yeni ili kilsə ayini kimi yox, ailəvi bir gecə, ilin bitməsi və sabaha ümid kimi yaşayırlar. İçki içən, içir, içməyən, içmir. Haram işləyən bunu təkcə bu gecə yox, ilin hər günü edir. Yəni problem günün adında deyil, insanın seçimindədir.

31 Dekabrın bizdə başqa bir mənası da var – Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Bu gün milli birliyin və kimliyin simvoludur və burada dinə zidd heç nə yoxdur. Əksinə, din örfə və adətə dəyər verir. Şərt çox sadədir: adətin içində haram olmasın. Haram yoxdursa, qadağa da yoxdur. Fiqhin əsas qaydası da budur: “Əşyada əsas olan ibahədir”, yəni qadağa üçün açıq və konkret dəlil lazımdır”.

Ə. Həsənov qeyd edib ki,bəzi alimlərin başqa dinlərin bayramlarına qarşı sərt mövqe tutması da başa düşüləndir:

“Onlar bu məsələyə şəriət və yol fərqli prizmasından baxırlar. Quranda da hər ümmətin öz yolu və şəriəti olduğu bildirilir. Bu, doğrudur. Amma Yeni ilin bugünkü formada qeyd olunması artıq şəriət məsələsi deyil, qlobal mədəni hadisədir. Burada nə İsa əleyhissəlamın ilahiliyinə etiqad var, nə də xristian aqidəsinə çağırış. Ona görə də açıq danışmaq lazımdır: Yeni ili qeyd etmək insanı dindən çıxarmır. Bu gecəni bütün dünya ilə birlikdə zamanın dəyişməsinə şahidlik kimi yaşamaq mümkündür. Əgər müsəlman bu gecəni ailəsi ilə sakit, haramsız və mənalı keçirirsə, sabaha daha yaxşı insan olmaq niyyəti ilə girirsə, burada günah axtarmaq artıq din yox, psixologiya mövzusudur.

Əsas olan budur ki, müsəlman öz bayramlarını unutmasın, kimliyini ucuz kompromislərlə itirməsin, amma, eyni zamanda, dünyadan da qaçmasın. Din insanı zamandan qoparmaq üçün yox, zamanın içində düz saxlamaq üçün gəlib. Zaman axır, rəqəmlər dəyişir. Vacib olan insanın dəyişəndə vicdanını itirməməsidir.

Qısa desək, Yeni il nə ibadətdir, nə də avtomatik haram. O, niyyətə görə mənalanır. Niyyət safdırsa, qorxuya ehtiyac yoxdur. Din qorxu dini deyil. Din mənanı qoruyan bir yol xəritəsidir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa