Sosial şəbəkələrdə təhqirə CƏZA: Hüquqşünas parlamentdən izah TƏLƏB ETDİ
“Milli Məclis sosial şəbəkələrə qadağalar qoyursa, bunun səbəbini açıqlamalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib. 
Hüquqşünas Milli Məclisin son iclasında sosial şəbəkələrdə təhqirlə bağlı düzəlişin qanuniləşməsi barədə danışıb:
“İlk növbədə, parlament müəyyən etməlidir ki, qanunvericiliyə edilən əlavə və düzəlişlərin hansı məqsəd və hansı zərurətdən irəli gəlir. Biz Avropa İnsan Haqları Konvensiyanı qəbul etmiş bir ölkəyik. Eyni zamanda, Avropa Məhkəməsinin qərarları bizim ölkə məhkəmələri üçün resident xarakter daşıyır.
Avropa Məhkəməsinin bir sıra qərarlarında məhz əl işarətləri ilə söyüş və təhqirlərin edilməsi ilə bağlı şikayətlərin olması Avropa Məhkəməsində belə bir mövqe formalaşdırmışdır ki, bu həm də, ilk növbədə, kimə qarşı yönəldiyini göstərməlidir. Bu vəzifəli, ya ictimai şəxsdir və ya adi şəxsdir. Bununla bağlı mütləq şəkildə bu işarənin yönəldildiyi obyekt məlum olmalıdır, daha sonra araşdırma aparılan zaman müəyyən edilməlidir ki, şəxs onu hansı zərurətdən edib. Bəzən olur ki, jestlərlə şəxslər özlərini ifadə edə bilirlər. Hər bir şəxsin hər hansı məsələyə susmaqla özünü ifadə etmək hüququ olduğu kimi, hər hansı sözlərdən çəkinməklə müəyyən əl hərəkətləri ilə özünü ifadə edir. Bu, təhqiramiz formada da ola bilər, sevinc formasında da, digər formalarda da. Eyni zamanda, qanunverici onu müəyyən etməlidir ki, hansı əl hərəkətləri hansı ifadə anlamına gəlir. Məsələn, ola bilər ki, kimin üçünsə çox normal qarşılana biləcək əl hərəkəti mənim üçün anormal qarşılana bilər və ya tərsinə. Bu səbəbdən qanunvericilik sadəcə dəyişiklik və ya inzibati həbs cəzasını qəbul etməklə işini bitmiş hesab edə bilməz. Bunun açıqlaması mütləq şəkildə olmalıdır”.
Nurlan Cəfəri












