Komitə rəsmisi: “Uşağın hüquqlarını pozanlar qanun qarşısında cavab verəcəklər”
“Uşağın təhlükə qarşısında qoyulması qəbuledilməzdir və hüquqi qiymətləndirilməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

T. Mərdanoğlu son günlər körpə uşaqların valideynləri tərəfindən küçəyə atılması və onlardan imtina edilməsi hallarını sərt tənqid edərək, bu cür neqativ halların qarşısının qanunvericilik yolu ilə alınmasına ciddi ehtiyac yarandığını vurğulayıb:
“Təəssüf ki, son dövrlərdə baş verən bu kimi hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu, məsələnin yalnız hüquqi deyil, həm də sosial, psixoloji və mənəvi tərəflərinin olduğunu göstərir. Uşağın küçədə, ictimai yerlərdə və ya təhlükəli şəraitdə tərk edilməsi onun həyat və sağlamlığı üçün birbaşa risk yaradır. Bu cür hallara qarşı cəmiyyət olaraq həssas yanaşma nümayiş etdirmək vacibdir. Qeyd edilməlidir ki, uşağın valideyn himayəsindən məhrum qalması ailədaxili problemlər, sosial çətinliklər, psixoloji vəziyyət və ya məsuliyyətsiz yanaşma kimi müxtəlif amillərlə bağlı ola bilər. Lakin səbəbindən asılı olmayaraq, uşağın təhlükə qarşısında qoyulması qəbuledilməzdir və qanunvericilik çərçivəsində hüquqi qiymətləndirilməlidir”.
Komitə rəsmisi bu halların qarşısının alınması üçün müxtəlif tədbirlərin həyata keçirildiyini, yerlərdə maarifləndirmə və təbliğat işlərinin genişləndirildiyini diqqətə çatdırıb:
“Komitə aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər həyata keçirir. Risk qrupunda olan ailələrin müəyyən olunması, sosial dəstək mexanizmlərinin gücləndirilməsi və valideyn məsuliyyətinin təşviqi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, belə halların erkən aşkarlanması üçün yerli icra strukturları, təhsil müəssisələri, sosial xidmət qurumları və hüquq-mühafizə orqanları arasında koordinasiyalı fəaliyyət qurulub. Bununla yanaşı, cəmiyyətin də rolu böyükdür. Risk altında olan ailələrin vaxtında müəyyən edilməsi və onlara psixoloji-sosial dəstəyin artırılması bu halların azalmasına birbaşa təsir edə bilər”.
T. Mərdanoğlu problemin yalnız cəza mexanizmləri ilə deyil, həm də valideynlərə düzgün istiqamət vermək və məsuliyyət hissini aşılamaqla həll oluna biləcəyini qeyd edib:
“Qanunvericilikdə uşağın həyat və sağlamlığını təhlükəyə atan hallarla bağlı ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur və konkret faktlar üzrə araşdırmalar aparılır. Cəza mexanizmləri müəyyən mənada preventiv rol oynasa da, problemin tam həlli yalnız bununla mümkün deyil. Əsas məqsəd risk faktorlarını vaxtında aşkarlamaq, ailələrlə sosial işi gücləndirmək və preventiv müdaxilə mexanizmlərini daha effektiv qurmaqdır”.
Nurlan Cəfəri













