“Bu gün fərqli coğrafiyalarda baş verən toqquşmalar ümumilikdə beynəlxalq təhlükəsizlik arxitekturasını dəyişir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni tendensiyaların, davranış qaydalarının formalaşmasına səbəb olur. Lakin bu ziddiyyətlər bizi həm də baş verən proseslərin tarixi və ideoloji məzmununa daha çox diqqət yetirməyə sövq edir”.
Yenicag.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarda çıxış edərkən deyib.
Komitə rəhbəri qeyd edib ki, media nümayəndələri ilə dini mövzuda seminarın işğaldan azad olunmuş ərazilərimizdə təşkil olunması təsadüfi deyil:
“Bu, bizim düşünülmüş seçimimizdir. Bu torpaqlarda Azərbaycan xalqına məxsus yüzlərlə dini və tarixi abidə məhv edilib. Məscidlərimiz təhqir olunub, dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhd edilib. Ancaq bu gün dövlətimiz tərəfindən dini və mədəniyyət abidələrimiz bərpa olunur. Heydər Əliyev Fondunun həyata keçirdiyi bərpa-quruculuq işləri bizim öz tariximizə, milli-mənəvi dəyərlərimizə münasibətimizin ən gözəl ifadəsidir. Əminəm ki, müzakirələrdə media nümayəndələrinin maraqlı və ümumi işimizə fayda verəcək ideya və təklifləri olacaq. Əsas məqsədimiz ondan ibarətdir ki, ənənəvi düzənin dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı indiki dövrdə din amilini siyasi-psixoloji və ideoloji təsir alətinə çevirmək cəhdləri barədə fikir və məlumat mübadiləsi aparaq. İdeoloji təhlükəsizlik və din indi əvvəlki onilliklərlə müqayisədə bir-birilə daha sıx qarşılıqlı təsirə malikdir”.
Komitə sədri vurğulayıb ki, müxtəlif dövlətlər bu mövzudan siyasi manipulyasiya, ideoloji təzyiq predmeti kimi faydalanmağa çalışır:
“Əlbəttə ki, Azərbaycan dövləti belə cəhdlərə qarşı kifayət qədər effektiv mübarizə imkanlarına malikdir. Təfərrüata varmadan demək istərdim ki, müvafiq strukturlar koordinasiyalı şəkildə bu sahədə sistemli fəaliyyət göstərirlər. Lakin ideologiya elə bir həssas istiqamətdir ki, ictimaiyyət və dövlət, vətəndaş cəmiyyəti institutları ilə hökumət qurumları məsuliyyəti bölüşməlidir. Bu mənada bizim mediadan – yəni sizlərdən gözləntilərimiz böyükdür. Lakin şübhəsiz ki, sizlərin qeydlərini, iradlarını, təkliflərini öyrənmək çox vacibdir. Media nümayəndələri üçün xəbərin, informasiyanın nə qədər mühüm əhəmiyyət kəsb etdiyi məlumdur. Eyni zamanda ideoloji təhlükəsizliklə jurnalistin peşəkar fəaliyyəti arasında sərhədlər haqqında da aydın təsəvvür olmalıdır. Məsələnin mürəkkəbliyi də burasındadır ki, ideologiya da informasiya istehsalı qədər geniş bir sahədir və burada sərhədləri müəyyən etmək olduqca çətindir. Xüsusilə dinin müxtəlif kontekstlərdə əsas ideoloji təsir alətlərindən birinə çevrildiyi indiki dövrdə. Ona görə də, sizlərdən xahişimiz ondan ibarətdir ki, müzakirələrdə mümkün qədər fəal iştirak edəsiniz. Bu seminarda Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Media Agentliyinin, Mətbuat Şurasının təmsilçiləri də iştirak edir. Onların da yəqin ki, müəyyən fikirləri, tövsiyələri olacaq. Ümumilikdə tədbirdə iştirak edən hər kəsin fikri, təklifi son dərəcə qiymətlidir. Bütün iştirakçılara uğurlar arzulayıram. Əminəm ki, birlikdə keçirəcəyimiz iki gün ərzində səmərəli işləyəcək və faydalı nəticələr əldə edəcəyik”./”Sherg.az”/
www.yenicag.az