“Konstitusiya və Suverenlik İli” – Üçüncü sektorun güclənməsi və hüquqi islahatlarda YENİ DÖVR
Azərbaycan 2025-ci ili “Konstitusiya və Suverenlik ili” olaraq elan edib. Bu qərar ölkədə insan hüquqları və azadlıqlarının qorunması sahəsində mühüm dəyişikliklərə və irəliləyişlərə səbəb ola bilər. Konstitusiya ili olaraq qeyd ediləcək bu dövrdə ölkənin ən ali qanunu ilə bağlı maarifləndirmə və təhsil tədbirləri artırılacaq, eyni zamanda, hüquq sisteminin daha da gücləndirilməsi üçün yeni mexanizmlər və qaydalar tətbiq edilə bilər.
Həmçinin bu ilin elan edilməsi dövlətin vətəndaşlarının hüquqlarını və azadlıqlarını qorumağa yönəlmiş tədbirləri daha da mükəmməlləşdirəcək və ölkədə insan hüquqları sahəsində əhəmiyyətli addımların atılmasına zəmin yaradacaq. İctimai və dövlət maraqları arasında düzgün tarazlığın yaradılması hüquq-müdafiə təşkilatlarının və vətəndaş cəmiyyətinin fəaliyyətini birbaşa təsir edir. Bu tarazlığın qorunması isə insanların hüquqlarının pozulmaması və dövlətin maraqlarının yerinə yetirilməsi üçün əhəmiyyətlidir.
Bu çərçivədə dövlətin siyasətləri və qərarları ilə əlaqədar olaraq, ictimaiyyətin, xüsusilə hüquq müdafiə təşkilatlarının və müstəqil qurumların daha yaxından iştirakı tələb olunur. Bu sahədə tətbiq ediləcək qaydalar şəffaflığın artırılması, hüquqi müstəqilliyin təmin edilməsi, vətəndaşların informasiya əldə etmə hüquqlarının gücləndirilməsi və müstəqil monitorinq mexanizmlərinin yaradılmasını əhatə etməlidir. Bu cür təşəbbüslər həm dövlətin, həm də cəmiyyətin maraqlarının balanslaşdırılmasında mühüm rol oynayacaq.
Zahid Oruc: “Vətəndaş cəmiyyəti birlikləri hər bir demokratik dövlətin ayrılmaz tərkib hissəsidir”
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, vətəndaş cəmiyyəti birlikləri, heç şübhəsiz ki, hər bir demokratik dövlətin həyatının ayrılmaz tərkib hissəsidir:
“Çünki yalnız mərkəzi idarəetmə sistemi bütün səlahiyyətlərin yalnız inzibati orqanlarda cəmləşməsi doğru sayılmır və ona görə də beynəlxalq birliyin üzvü olan hər bir ölkənin həyatında siz bu cür səlahiyyətlərin şaxələnməsi və paylaşdırılmasına şahidlik edə bilərsiniz. Bəli, həqiqətdir ki, ilkin olaraq məhz Qərb ölkələrində qeyd etdiyiniz fenomen meydana çıxıb və böyük bir inkişaf yolu keçib, onlar ixtisaslaşıblar və milli həyatın bütün sferalarında siz üçüncü sektorun təmsilçilərini görə bilərsiniz”.
Onun sözlərinə görə, digər tərəfdən, bu, öz özlüyündə, yəni xalqın özü tərəfindən idarəetmə işinin qurulması deməkdir:
“Burada əsas məqsəd ondan ibarətdir ki, vətəndaş birlikləri mərkəzi idarəetmə, yerli icra və digər qurumların fəaliyyətinə nəzarət etsinlər. Eyni zamanda bu proses qarşılıqlı anlaşma üzərində qurulur. Qeyri-hökumət adlanan bu qurumlar, əslində, ictimai idealları və maraqları ifadə edən, onları qoruyan, vətəndaşlar tərəfindən yaradılan institutlardır. Bu təşkilatlar seçkili mexanizmlər əsasında, öz nizamnamə prinsiplərinə uyğun fəaliyyət göstərir və sərt mərkəzləşmiş idarəetmə mexanizmlərindən fərqli olaraq, parlament, məhkəmə və digər dövlət institutlarından daha müstəqil və fərqli bir səviyyədə fəaliyyət göstərirlər”.
“O üzdən biz açıq deməliyik ki, məhz elə həmin Avropa ölkələrində sonrakı dövrdə bu cür üçüncü sektorun daha irəliyə gedərək onu beynəlxalq məkana şaxələndirmək, yaymaq və onların üzərindən öz mənafelərini həyata keçirmək əməliyyatları başlandı. Ona görə də biz beynəlxalq vətəndaş cəmiyyəti institutlarının şahidi olduq və onlar şəbəkələşdilər, daha miqyaslı bir formada dünya həyatına nüfuz etdilər və müxtəlif ölkələrin daxili işlərində iştirakda səlahiyyətlər, imkanlar, mövqelər qazandılar. Bu öz özlüyündə tanklar, toplar belə real silahlarla aparılan əməliyyatlardan daha fərqli idi. Buna yumşaq güc siyasəti deyirdilər və ona görə də biz 90-cı illərin sonu, 2000-ci illərdən artıq məhz insan hüquqları istiqamətində ixtisaslaşan beynəlxalq qurumların dünya çapında hökmranlığını gördük”, – deyə o, əlavə edib.
Z. Oruc həmçinin qeyd edib ki, bugünkü gündə beynəlxalq səviyyədə vətəndaş cəmiyyətinin rolu artmaqdadır:
“Ölkəmiz daxilində də 90-cı illərdə qeyd edilən institutlar geniş bir şəkildə formalaşıblar. Onların ixtisaslaşma dərəcəsini, maliyyə mənbələrini və məramlarını detallı şəkildə təhlil etmək olar. Açıq demək lazımdır ki, partiyaların təşəbbüsləri də rol oynayırdı. Söylədiyimiz o beynəlxalq dairələrdən müxtəlif yardımları, büdcə vəsaitlərini qazanmaq üçün donor mənbələrdən yardımlar götürmək üçün, eyni zamanda, siyasi qüvvələr burada daha təşəbbüskar roldaydılar. Üçüncü sektor təmsilçiləri də onların çevrələrində ixtisaslaşmışdılar”.
O, vurğulayıb ki, milli qeyri-hökumət təşkilatlarının mühüm bir hissəsi Qarabağ uğrunda mübarizədə iştirak edib:
“Ona görə də insan haqları üzrə bizim milli, qeyri-hökumət təşkilatlarımızın mühüm bir hissəsi Qarabağ uğrunda mübarizədə millətimizin böyük müqəddəs ideallarını həyata keçirməkdə idilər. Onlar bildiriblər ki, orada hakimiyyət institutları iştirak edə bilməzdi. Məsələn, BMT-nin, Avropa Birliyinin, Avropa Parlamentinin, digər Qərb strukturlarının və ya fərqli coğrafiyada mövcud olan təşkilatların hər birinin həyatında üçüncü sektora platforma, tribuna, meydan verilirdi. Orada bizim milli qeyri-hökumət təşkilatlarımız da aktiv iştirak etmişdilər. Onlar ötən 10 illər ərzində təşkilatlandılar, öz fəaliyyətlərini koordinasiya etdilər və daha hədəfli bir mübarizənin içərisində oldular”.
Milli Məclisin üzvü əmindir ki, bunun ən zirvə nöqtəsi Xankəndi və Laçın yolunda dinc aksiyalarda bizim, xüsusilə də ekoloji yönümlü qurumların öncül mövqe tutması idi:
“Bu, mahiyyət etibarilə, torpaqlarımızın bütövlüyündə və siyasi suverenliyimizin həmin təşkilatların önəmli bir yer almasının da sübutu idi. Lakin açıq demək lazımdır ki, bir sıra üçüncü sektor institutları daha artıq dərəcədə maliyyə mənbəyi etibarilə Qərb institutlarından asılı olduğuna görə onların bəlli maraqları, prinsipləri və hər hansı bir layihələrin həyata keçirilməsi zamanı seçilən hədəflər və onun antihakimiyyət mahiyyətli olması da səciyyələnirdi. Bu proseslərdə də iştirak edirdilər. Ona görə də bir sıra hallarda məhz bu qurumlar qrantların verilməsi ilə bağlı qanunvericilik sistemində müəyyən tənzimləmələr aparılandan sonra sanki mənbə ölkə kimi ikinci və üçüncü dövlətlər üzərində maliyyələşmə mexanizmini seçdilər. Bu da məlum maliyyə qaçaqmalçılığı, vergidən yayınma vəsaitlərin sərhədlərdən qanunsuz keçirilməsi. O cümlədən ölkədaxili həyatda sanki o qüvvələr üzərinə casus fəaliyyətlərinin qoyulması kimi halları meydana gətirdi və təəssüflər olsun ki, məhz bu istiqamətdə də biz son illərin geniş bir praktikasını gördük və onlar da məsuliyyətə cəlb olundular”.
Müsahibimiz hesab edir ki, ictimai və milli maraqların balansını tapmaq və onu formalaşdırmaq üçün dövlətlər, xüsusilə də ABŞ-nin fəaliyyəti timsalında son iki ildə daha sərt bir mövqeyi göstərməkdədir:
“Yeri gəlmişkən, həmin o qeyd etdiyimiz bu xarakterli qurumlar, əslində, sübut olundu. Trampın hakimiyyətə ikinci qayıdışından sonra biz dövlətimizin lideri tərəfindən dəfələrlə bu mövqeləri bəyan olunduğunun şahidi idik ki, Azərbaycanı qlobal məkanda ləkələməyə çalışan, onu müxtəlif indekslərdə aşağı yerlərə qoyan qurumlar məhz bəlli kəşfiyyat orqanları və siyasi mərkəzlər tərəfindən idarə olunurdular. Donald Tramp isə tamamilə USAID-nin, “Politico” nəşrinin, “The Washington Post”, “The New-York Times” və digərlərinin, o cümlədən “Azadlıq Radiosu”, “Amerikanın Səsi” və s. platformaların necə həmin dairələrin əlində olduğunu ortaya qoydu”.
“Beləliklə, bu kontekstdə USAID-nin fəaliyyətini demək olar. Əslində, dayandırmaq ərəfəsində olarkən Amerikada da oxşar qərar verildi və bəlli oldu ki, 100 milyardlarla dollar vəsaitlər hansı inqilablara, xalqlar üzərində necə eksperimentlərin aparılmasına, müxtəlif ərazilərdə qanlı silahlı toqquşmalara və s. amillərə yönəlib. Bu da aktual olaraq sözügedən məsələni meydana çıxardı ki, həqiqətən də, əslində, ötən on illər ərzində üçüncü sektorun dövlət maliyyələşməsinin həyata keçirilməsi də xaricdən asılılığın aradan qaldırılmasına xidmət edən addımlardır. Ümidvarıq ki, bu, gələcək dövrdə daha da genişlənəcək və üçüncü sektor təmsilçiləri dediyiniz milli maraqların qorunmasının keşiyində olacaqlar. Amma, eyni zamanda, cəmiyyət həyatına nüfuz edəcəklər, problemləri qabardacaqlar, alternativ ideyaları ortaya qoyacaqlar, alternativ layihələr hazırlayacaqlar və bu öz-özlüyündə cəmiyyət həyatının xeyrinə işləyəcək”, – deyə o, söyləyib.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov isə xatırladıb ki, Azərbaycanın 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi, əlbəttə ki, vacib əhəmiyyətə malikdir:
“Bütövlükdə beynəlxalq münasibətlər sistemində hazırda çox vacib bir nöqtəyə gəlib çatmışıq. Ölkədə həm daxili islahatlar uğurla aparılır, həm də eyni zamanda, Azərbaycan qlobal münasibətlər sisteminin vacib aktorlarından birinə çevrilibdir. Əlbəttə ki, özəlliklə 2020-ci ildən bu yana Azərbaycan çox ciddi nailiyyətlər və irəliləyişlər əldə edibdir ki, bunun nəticəsində torpaqlarımızı işğaldan azad edilib, Xankəndidə separatçılığa son qoyaraq üçrəngli bayrağımızı dalğalandırmışıq. Həmçinin Azərbaycan ən çətin dövrlərdə Qoşulmama Hərəkatının sədri kimi qlobal ədalətin əldə edilməsinə böyük töhfələr verdi”.
Politoloq həmçinin COP 29-da dünyanı narahat edən məsələlərə dair Azərbaycanın mövqeyini və eyni zamanda, ölkəmizin Qlobal Cənub Vətəndaş Cəmiyyəti platformasının əsas yaradıcısı olduğunu xatırladıb:
“COP 29-da dünyanı narahat edən bəşər vacib bir mövqe formalaşdırdı. Eyni zamanda, bu gün Azərbaycan Qlobal Cənub Vətəndaş Cəmiyyəti platformasının əsas yaradıcısıdır ki, bunlar bütövlükdə bəşəri insan hüquqları və azadlıqları baxımından ölkənin mövqeyini və gücünü göstərir”.
STM müdiri əlavə edib ki, 2025-ci ildə “Konstitusiya və Suverenlik ili” elan etməklə Azərbaycan bəşəri insan haqları və azadlıqlarına verdiyi dəyəri, önəmi bir daha ən yüksək səviyyədə nümayiş etdirmiş oldu:
“Hər bir halda, bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində artan uğurları fonunda ölkədə Konstitusiya və Suverenlik ilinin elan edilməsi Azərbaycanın insan hüquq və azadlıqlarına verdiyi çox ciddi və böyük bir töhfədir. Bu gün Azərbaycan təkcə öz vətəndaşlarının deyil, bütün dünyadakı insanların hüquq və azadlıqlarına sayğını önəmli sayan və eyni zamanda bu fonda bəşəri təşəbbüsləri dəstəkləyən qlobal bir siyasi gücdür”.
Məsimə Məmmədova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.