Koroğlunun “ƏƏSM” Nazirliyinə səfəri – Çingiz Özgür yazır

Koroğlu tezdənnən duruf, alaçıxdaca idmanın eliyib qayıdıf oturmuşdu, gözünü süzdürüb Nigara “çayımı gətir” baxışı atırdı ki, Eyvaz hövlank içəri girib qayıtdı ki : “Qoş dədəm, bəs xavarın varmı, evdə oturmaxdan beyjə yenə 12 dəlinin başına hava gəlib.”

Koroğlu qılıncını çəkib, nəsə müxalif-müxalif söylənməy istiyirdi ki, Əli Kərimlinin kəsilən interneti yadına düşdü, qılıncı qınına qoyub, əlin atdı buğlarına. Buğlarını sığallıyıf, dartıf 3 dənə tük qopardı, o üç tükü o yana atıb, sazı basdı sinəsinə:
Dəlilərim səyə döndü, ay bitir
Görüm sənin anan ölsün, ay covid,120
Ərzaq bitir, dərman bitir, çay bitir,
Yarasanı ət sanan ölsün, ay covid…

Çənlibelin çəni çıxdı qəhətə, “Mən” qalmadı, “səni” çıxdı qəhətə.
Arpa, buğda, dəni çıxdı qəhətə.
Həqiqəti danan ölsün, ay covid!

Sözün bitirib, əl atdı telefona ki, 8103 mesaj atıb, çıxa dəlilərdən xəbər tuta, Nigar telefonu əlindən aldı. Dedi “hələ bir döz görək, icazəni bir azdan al, get gör o merasa qalmış 190 manatdan nə xəbər var?” Koroğlunun da yadına düşdü ki, budur 15 gündü ki, qeydiyyatdan keçib, nə təsdiq gəlib, nə də inkar. Çayını içə-içə gözucu baxdı ki, Nigar elə durmadan dodağ altdan mırtdanır ki, “bəs sənə vaxtında dedim ki, get məşğulluxda işsiz kimi qeydiyyata düş. Odey, tüfəng icad olunannan bəri işsizsən…” Təkrar basdı sazı sinəsinə:
Məşğulluğun işçiləri yamandı
Gəl məzəmmət etmə məni, amandı
Koroğlu halını məmur qanandı?
Məmurları nadan ölsün, ay covid!

Əlqərəz, mesajın cavabı gələr gəlməz, oturdu adına Qırat dediyi 190 mersedesə, sürdü. Çənlibeldən çıxanda postda yoxladılar, gördülər icazəsi var, dedilər yaxşı yol. Əvvəl-əvvəl poçta gedib, adını yoxlatdı, gördü 190 manatdan xəbər yoxdu, sürdü düz ƏƏSM Nazirliyinə. Qapıda duran polisə vəziyyəti bir beytnən izhar elədi:
Keçib qeydiyyatdan, etdim tələbi
Koroğluyam, sanma məni Çələbi
Aldım Xoyu, Dəməşqi həm Hələbi
Bu işi uzadan ölsün, ay covid

Polis Koroğlunu göndərdi nazir müavinlərindən birinin qəbuluna. Baxma, bu da böyük hörmət sayılırdı deyən, Koroğlu razı halda bığlarını eşə -eşə girdi otağa. Nazir müavini kompüterdə xeyli ələk-vələk edənnən, 9 şöbədən, 7 idarədən sənəd gətizdirənnən sora ayağa qalxıb Koroğlunun sazını aldı, basdı sinəsinə:

Bilirsən ki, hörmətimiz var sənə,
Ağsaqqalsan, başbilənsən Koroğlu.
Hər bir zaman diqqətimiz var sənə
Sən çoxundan işbilənsən, Koroğlu

Aldı Koroğlu:

Əgər ki, danışdın izzət-hörmətdən
Mənə yardım elə onda, müavin
Pul ver, gedim alım yağdan həm ətdən
Nigar gözlər, qara donda, müavin!

Nazir kompüterin displeyin Koroğluya tərəf çevirdi:

Pul yoxdusa, necə içirsən bəs Hell?
Nigarın da dodağları teyxa gel
Adına pay torpağın var-Çənlibel!
İmkan yoxdu, get dilən sən Koroğlu!

Bu sözdən sora, əslində Koroğlu qılınca əl atmalıydı, amma həm qılıncı girişdə polisə təhvil vermişdi, həm də ən son qılınca əl atanda “cəbhəçi” bilinib, aldığı 15 sutka yadına düşdü. Sazını alıb qapıdan çıxa-çıxa son beyti dedi :

O vaxt da gəlmişdim, alım təqaüd
Min bəhanə edib, verdiniz ümüd
Sənin tək məmurun düüüd-düüüd düd
Görrəm səni əlbət zonda, müavin!

Hirsnən idarədən çıxıb mindi maşına. Çıxdı qazın belinə, di gəl nə xeyri, Çənlibelin girişində saxlıyıb yoxladılar ki, icazənin vaxtından 12 dəyqə keçib, 100 manat cəriməni basdılar belinə. Gəlib hirsnən girdi evə, nəsə deməy istəyən Eyvaza bir yaxşı təpik ilişdirdi, əlini qaldırdı Nigara tərəf gedəndə, Nigarın Xotkar qızı olması yadına düşdü. Fikirləşdi ki, bəlkə yenə Xotkar yardımdan zaddan göndərə. Yazıx-yazıx sazı götürdü:

190-dan yum gözünü, yoxdu ta
Əvəzində düşdüm 100 manat ştrafa
Xotkar dədən bəlkə gələ insafa
Yox gəlməsə, maman ölsün- ayyy Covid!

Nigar elə bildi, Koroğlu covidin mamasın söyür, dinmədi. Koroğlu da, Nigarın başa düşməməsindən həzz alıb, bığlarını eşə-eşə qımışdı: – Nətər, araya salıb, söydüm e mamasını! Əcəb elədimmm, ollara o da azdı!

Loading...