Koronavirus cərimələrinin AQİBƏTİ: “Vəsaitin necə xərcləndiyini bilmək vətəndaşların təbii haqqıdır” – MÜSAHİBƏ
“İndiyədək cərimələrdən nə qədər vəsait toplandığı və həmin məbləğin necə xərcləndiyi barədə dəqiq məlumatlara rast gəlinməyib”.
Bu sözləri Azərbaycanda karantin rejimi və cərimələrlə bağlı ümumi vəziyyəti dəyərləndirən sosioloq Nail Cəlil Yenicag.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Milli Məclisin aprelin 12-də keçirilən plenar iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda pandemiya zamanı vətəndaşlara yazılan cərimələr ləğv olunmalıdır. Bu təklifi necə dəyərləndirirsiniz?
– Təklifi ümumilikdə müsbət dəyərləndirirəm. Bir ildən çox müddət keçməsinə baxmayaraq, müəyyən səbəblərdən dolayı bu cərimələri ödəyə bilməyən minlərlə vətəndaşımız var. Bu mənada, təklif sosial vəziyyəti çətin olan müəyyən zümrəni 100-200 manatlıq cərimə yükündən xilas etməyə hesablanıb. Pandemiyanın pik həddində vətəndaşlara karantin qaydalarının pozulmasına görə yazılan cərimələr daha çox məcburiyyətdən irəli gəlirdi. Lakin vəziyyət yaxşılaşdıqca mövcud qadağaların da tədricən götürülməsi, o cümlədən obyektiv səbəblərdən ödənilməsi mümkün olmayan cərimələrin ləğv olunması məqsədəuyğundur. Vətəndaşların bir qismini yarımqapalı məkanlarda – keçidlərdə, metrodan çölə çıxarkən maskanı üzündən bir qədər tez çəkdiyinə, subyektiv, mübahisəli sayılacaq digər səbəblərə görə cərimələyiblər. Əgər cərimələr ləğv ediləcəksə, bu, mübahisəli vəziyyətlərdə cərimələnmiş bütün vətəndaşlara şamil olunmalıdır.
– Cərimələrin ləğv olunması zamanında cərimə ödəmiş insanlara qarşı haqsızlıq kimi dəyərləndirilə bilərmi?
– Əlbəttə. Eyni əmələ görə vətəndaşların bir qismi cərimə ödəyib, digər qismi bu məsuliyyətdən azad ediləcəksə, bu, sosial ədalət prinsipinin pozulması deməkdir. Bu səbəbdən cərimələr o hallarda ləğv edilməlidir ki, vətəndaşın onu gerçəkdən ödəmək imkanı yoxdur və ya cərimələr, ən azı, çox mübahisəli bir vəziyyətdə müəyyənləşdirilib, təyin edilib, vətəndaş da dərhal bundan şikayət edib, narazılığını bildirib. Əgər vətəndaş və ya onun təsisçisi olduğu təşkilat, müəssisə karantin qaydalarının məqsədli şəkildə pozulmasına görə cərimə olunubsa, bu kimi faktlar ayrıca araşdırılmalı və daha sonra qərar verilməlidir. Əslində, bütün cərimələrin birdən ləğv edilməsi və ya tutarlı səbəb olmadan geri ödənməsi də məqbul davranış və ya uyğun addım olmazdı. Bu halda bənzər vəziyyət təkrarlanarsa, cərimələri heç kim ödəməyəcək, məhdudiyyətlərlə kimsə hesablaşmayacaq. Ona görə də belə bir qərar qəbul edilərsə, mənəvi, psixoloji və sosial məqamlar ciddi nəzərə alınmalıdır.
– Bir sıra ölkələrdə maskadan istifadə məcburiyyəti ləğv olunub. Bizdə də maska tələbinin ləğvinə ehtiyac varmı?
– Digər karantin tədbirləri kimi maskadan istifadə də məcburiyyətdən irəli gələn addım idi. Əslində, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da maskadan istifadə tələbi yetərincə yumşaldılıb. Son dövrlərdə ölkəmizdə koronavirusa yoluxmanın kəskin azalması, müəyyən günlərdə hətta sıfır əmsalına yaxınlaşması müşahidə edilir. Əgər gündəlik yoluxma 3-5 nəfər həddinə düşərsə və bu, iki aydan artıq davam edərsə, yay aylarında maskadan istifadənin ləğvi barədə fikirləşmək olar. Mövcud vəziyyət, təcrübə və tibbi-sosial dinamika bu məsələdə bizə mümkün qədər diqqətli, həssas və ehtiyatlı olmağı təlqin edir. Xatırladaq ki, cəmi iki il əvvəl – 2020-ci ilin martında yoluxma gündəlik 30-40 nəfər həddində olanda biz məcburən tam qapanmaya getmişdik. Bu mənada, düşünürəm ki, çox tələsmək bir qədər yersizdir. Hiss olunan odur ki, üçüncü doza vaksinasiyadan sonra vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Lakin pandemiyanın yenidən baş qaldırdığı məkanlar, ölkələr də var. Bununla yanaşı, bəzi qapalı məkanlarda, kafe və restoranlarda, ticarət mərkəzlərində bu məhdudiyyət müəyyən şərtlərlə aradan qaldırıla bilər.
– Cərimələr fonunda əldə olunan vəsait necə xərclənməlidir?
– Ən vacib qənaət ondan ibarətdir ki, belə vəsaitlər məhz pandemiyadan və digər fövqəladə hallardan əziyyət çəkənlərin zəruri problemlərinin həllinə, həssas qrupların sosial çətinliklərinin aradan qaldırılmasına yönəldilməlidir. Müvafiq vəsaitlərin toplanma və xərclənmə mexanizminin açıq, şəffaf olması məqsədəuyğundur. Məsələn, indiyədək cərimələrdən nə qədər vəsait toplandığı və həmin məbləğin necə xərcləndiyi barədə dəqiq məlumatlara rast gəlinməyib. Başa düşürük ki, müəyyən rəqəmlər və məlumatlar bəlli səbəblərdən geniş auditoriya və media üçün qapalı ola bilər. Lakin istənilən halda ödədikləri cərimələrin taleyini, necə xərcləndiyini bilmək, bu barədə dəqiq, obyektiv, operativ informasiya almaq onların təbii haqqıdır.
Gülşən Şərif