WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verildi
BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.
Jurnalistlər üçün qlobal platforma
WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksək səviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:
Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksək səviyyəli sessiya təşkil olunacaqdır.
Media nümayəndələrinin akkreditasiyası
Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.
Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.
WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.
Ümumdünya Şəhərsalma Forumu haqqında
2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.












