Veysəl Orucov Rusiya proyektidir? – Radikal təkfirçi ilə bağlı sensasiyalı VİDEO YAYILDI
Son günlər dindar çevrələrdə yayılan bir səs yazısı ciddi narahatlıq doğurub. Səsin sahibi Gürcüstanda və Moskvada olduğunu bildirir və olduqca ağır bir iddia səsləndirir.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşı olan və radikal dini fikirləri ilə tanınan Veysəl Orucov, dünya üzrə Azərbaycan dilində danışan İŞİD tərəfdarlarının əsas dini fiqurlarından biri kimi təqdim olunur. Danışan şəxs bu vəziyyəti sadəcə radikal fikir yayımı deyil, açıq təhlükə kimi qiymətləndirir və prosesin daha geniş planın tərkib hissəsi ola biləcəyini vurğulayır: “Bu adamın iki üzü var: biri normal insanlara göstərilən, sələfə uyğun tərəfi, digəri isə öz camaatına göstərdiyi üzü. Yəni, o, ikibaşlı dəvətçidir”.
Səs yazısında diqqət çəkən əsas məqam Orucovun hərəkət trayektoriyasıdır. Gürcüstan və Moskva xətti ilə əlaqələrin qurulması, ardınca Azərbaycanda aktivləşməsi və ətrafına tərəfdar toplamağa çalışması təsadüfi davranış kimi qiymətləndirilmir. İddialara görə, məqsəd İŞİD ideologiyasının Azərbaycan cəmiyyətinə uyğunlaşdırılmış formada yayılması və müəyyən çevrələrin nəzarət altına alınmasıdır. Bu isə məsələni fərdi dini fəaliyyət müstəvisindən çıxarıb, milli təhlükəsizlik müstəvisinə keçirir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, son illər “İxvanül-Müslimin” (Müsəlman Qardaşlar) hərəkatının Azərbaycandakı təsir imkanları faktiki olaraq aradan qalxıb. Uzun müddət dini-siyasi sahədə mövcud olan bu strukturun zəifləməsi ilə müəyyən ideoloji boşluq yaranıb. Səs yazısındakı iddiaya görə, məhz bu boşluğu doldurmaq üçün yeni adlar önə çıxarılır; Orucovla yanaşı Əlixan Musayev kimi şəxslərin aktivləşdirilməsi planı gündəmdədir. Bu isə artıq təkcə dini təbliğat deyil, ideoloji transfer ehtimalını ortaya qoyur.
Veysəl Orucovun Gürcüstan vətəndaşı olması məsələni daha da həssas edir. Təəssüf ki, həm Rusiya, həm də İran illərdir Gürcüstandan Cənubi Qafqazda müxtəlif dini cərəyanların əlaqə və tranzit nöqtəsi kimi istifadə ediblər. Belə bir fonda Gürcüstandan sonra Orucovun Azərbaycanda fəallaşması “sadəcə dini fəaliyyət” izahını zəiflədir; fitnə yaymaq və radikallaşma ixracı ehtimalını gücləndirir. Məsələdə Rusiya izinin olması isə prosesin istiqaməti ilə bağlı əlavə şübhələr yaradır.
Əsas sual isə budur: niyə məhz indi? “İxvan” boşluğu niyə daha sərt və zorakı ideologiya ilə doldurulmağa çalışılır? “İxvan” dünyada çətin günlər yaşadığı halda, Azərbaycandakı bu aktivliyin arxasında hansı güclər dayanır? Bu prosesin arxasında hansı regional maraqlar və ya dövlətlərarası rəqabət durur? Yaxın Şərqdə mövqelərini itirən radikal şəbəkələrin postsovet məkanına, xüsusən də dini baxımdan həssas cəmiyyətlərə yönəlməsi ehtimalı bu sualları daha da aktuallaşdırır. Rusiyanın yenidən Qafqazda “dini kartdan” istifadə etməsi mümkündürmü?
Bütün bunlar göstərir ki, məsələ sadəcə sosial şəbəkə mübahisəsi və ya fərdi dini polemika deyil. Əgər səslənən iddialar həqiqətə uyğundursa, söhbət cəmiyyətdə fitnə yaymaqdan, dini sabitliyi pozmaqdan və milli təhlükəsizlik üçün risk yaradan proseslərdən gedir. Bu səbəbdən mövzu emosional reaksiyalarla deyil, hüquqi və institusional mexanizmlər vasitəsilə ciddi şəkildə araşdırılmalı, cəmiyyət isə yalnız təsdiqlənmiş məlumatlar əsasında məlumatlandırılmalıdır. Əks halda, məqsədi qarışıqlıq və parçalanma yaratmaq olan qüvvələrin istədiyi mühit formalaşa bilər.
Camal Cavanşir












