Gəncə Şəhər 2 saylı Körpələr evində uşaqların bellərinə uzun corablar bağlanması faktı ilə əlaqdar 2 orta tibb işçisi ciddi cəzalandırılıb.
Yenicag.az-ın məlumatına görə, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyinin açıqlamasında bildirilir ki, son günlər sosial şəbəkədə yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yaradılıb:
“Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması müəyyənləşib və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb”.
Müəssisə videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına da münasibət bildirib:
“Uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər uşaqlar saxlanılır”.
www.yenicag.az