Kredit borcu olan şəxs vəfat edərsə... – Sığorta hansı halda borcu bağlayır?
Vəfat etmiş şəxslərin kredit borclarının taleyi cəmiyyətdə tez-tez sual doğuran məsələlərdən biridir. Xüsusilə də borcun avtomatik silinib-silinməməsi, vərəsələrin hansı hallarda məsuliyyət daşıması və sığorta faktorunun rolu geniş müzakirə olunur.
Mövzu barədə Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, vəfat edən şəxsin maliyyə öhdəlikləri onun ölümü ilə avtomatik olaraq qüvvədən düşmür:

“Əgər vəfat etmiş şəxs barəsində vərəsəlik işi açılırsa və onun əmlakı vərəsələr tərəfindən qəbul olunursa, vərəsələr qəbul etdikləri miras əmlakına mütənasib olaraq kreditorlar qarşısında məsuliyyət daşıyırlar”.
Hüquqşünasın sözlərinə görə, burada əsas prinsip ondan ibarətdir ki, vərəsələr yalnız əldə etdikləri mirasın dəyəri həddində öhdəlik daşıyırlar. Yəni heç bir halda vərəsə öz şəxsi vəsaiti hesabına əlavə ödəniş etməyə məcbur edilə bilməz. Bu baxımdan, borcun miqdarı mirasın dəyərindən artıq olarsa, artıq hissə üzrə tələb irəli sürülməsi hüquqi baxımdan mümkün deyil.
Ramil Süleymanov qeyd edib ki, vərəsələrin seçim hüququ da mövcuddur:
“Vərəsə mirası qəbul etməmək hüququna malikdir. Əgər şəxs mirası qəbul etmirsə, bu zaman həmin borc öhdəlikləri də onun üzərinə keçmir”.
Ekspert əlavə edib ki, praktikada bəzi hallarda vərəsələr mirası qəbul etdikdən sonra borcların mövcudluğunu öyrənirlər. Bu isə əlavə hüquqi mübahisələrə səbəb ola bilər. Ona görə də miras qəbul edilməzdən əvvəl mərhumun maliyyə vəziyyətinin araşdırılması tövsiyə olunur.
Hüquqşünasın diqqət çəkdiyi əsas məqamlardan biri də kreditlə bağlı sığorta məsələsidir. Onun sözlərinə görə, kredit götürülərkən həyat sığortası müqaviləsi bağlanıbsa, borcun taleyi tamamilə fərqli şəkildə həll olunur:
“Əgər kredit götürülərkən həyat sığortası müqaviləsi bağlanıbsa, şəxsin vəfatı ilə artıq sığorta hadisəsi baş vermiş hesab olunur. Bu halda sığorta şirkəti tərəfindən şəxsin kredit öhdəliyi tamamilə icra edilir, yəni borcu bağlanır”.
Bu halda nə vərəsələrin, nə də digər şəxslərin əlavə maliyyə yükü ilə üzləşmədiyini deyən ekspert vurğulayıb ki, bu mexanizm xüsusilə ipoteka və iri məbləğli kreditlərdə geniş tətbiq olunur.
Sonda hüquqşünas qeyd edib ki, həm kredit götürən şəxslər, həm də potensial vərəsələr hüquqi cəhətdən savadlı olmalı, müqavilə şərtlərini diqqətlə oxumalı və mümkün riskləri əvvəlcədən qiymətləndirməlidirlər. Bu, gələcəkdə yarana biləcək maliyyə və hüquqi problemlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Samir Məcidov













