“Rusiya bu ölkələrin maliyyə sistemlərinə qarşı sanksiyaların risklərini minimuma endirməyə imkan verəcək Rusiyanın “Mir” kartlarından istifadə alqoritmlərinin hazırlanması üçün müxtəlif ölkələrlə dialoqu davam etdirir”.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz bu cür riskləri minimuma endirmək və onlara bu riskləri tam minimuma endirməyə imkan verəcək qarşılıqlı fəaliyyət alqoritmlərini hazırlamaq üçün həmin ölkələrlə dialoqumuzu davam etdiririk”, – deyə o bildirib.
Peskovun sözlərinə görə, xarici bankların Rusiyanın “Mir” kartlarına xidmət göstərməkdən imtina etməsi ABŞ-ın üstüörtülü təzyiq və təhdidlərinin nəticəsidir.
“Və təbii ki, ölkələr öz maliyyə strukturlarına qarşı həm ilkin, həm də ikinci dərəcəli sanksiyalardan qorxurlar”, – Rusiya prezidentinin mətbuat katibi bildirib.
Xatırladaq ki, əvvəllər Kremlin sözçüsü Ermənistanda “Mir” kartlarının xidmətdən imtinasına da oxşar şərh verib. Hətta dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, “Mir” kartlarının xidmət göstərməməsi Ermənistan iqtisadiyyatına zərbədir.
Xatırladaq ki, Ermənistandakı “ArCa” milli ödəniş sistemi martın 30-dan etibarən “Mir” kartlarının xidmətini dayandıracağını bəyan edib. “ArCa” sisteminə daxil olmayan “VTB Ermənistan” bankı həmin kartlara xidmət göstərməyə davam edəcək. Ermənistan Banklar İttifaqı onu da bildirib ki, Ermənistan bankları sanksiyalarla bağlı riskləri nəzərə alaraq “Mir” plastik kartlarının xidmətini dayandırmaq qərarına gəliblər.
Aprelin 3-dən bütün Qırğızıstan bankları da “Mir” kartlarına xidmət göstərməyi dayandırıb və analoji qərar qəbul edən Qazaxıstan bankları aprelin 5-dən etibarən “Mir” kartlarına xidmət göstərməyi dayandıracaqlarını bəyan ediblər.
Rafi Müslümov
www.yenicag.az