“Son dövrlərdə Ermənistan daha çox Qərbmeyilli siyasət həyata keçirir və Qərbin basqıları altında müstəqil siyasət yürüdə bilmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.
S.Kərimli bu gün Kremldə baş tutması gözlənilən Putin-Paşinyan görüşü ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərb dairələrində özünə havadar axtarmağa çalışır ki, kollektiv Qərbin təzyiqləri fonunda sülh müqaviləsindən yayınsın.
“Lakin hər nə qədər də baş nazir bu addımları atsa da, reallıqları unutmamalıyıq. Reallıq isə bundan ibarətdir ki, Ermənistan Rusiyanın müttəfiqidir, eləcə də Rusiyanın Ermənistanda – Gümrüdə 102 nömrəli hərbi bazası var və Ermənistanın sərhəd təhlükəsizliyini Rusiya təmin edir. Bundan əlavə, Rusiya bölgədə əsas aktorlardan biri olduğu üçün Ermənistan Rusiya ilə hesablaşmaqda məcburdur”, – deyə o bildirib.
Politoloq hesab edir ki, bu gün N. Paşinyanın V.Putinlə görüşündə də bu istiqamətdə həm məsləhətləşmələr, həm də müzakirələr aparılacaq.
“Rusiya Ermənistana müəyyən təzyiqlər göstərməyə nail olacaqdır ki, Ermənistan Qərbin təsirindən çıxsın və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində müsbət addımlar atsın. Böyük ehtimalla, Vladimir Putinlə Nikol Paşinyan arasında görüşdə bu məsələlər müzakirə olunacaq”, politoloq əlavə edib.
Həmsöhbətimizin fikrincə, bu görüşün nəticələri sülh müqaviləsinin imzalanmasına öz müsbət təsirini göstərəcək:
“Onu da nəzərə almalıyıq ki, bu görüş yaxın günlərdə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ərəfəsində keçirilir ki, Azərbaycanın da Almatı görüşündən gözləntiləri böyükdür. Mənə elə gəlir ki, Paşinyan-Putin görüşünün nəticələri Almatı görüşünə də öz təsirini göstərəcək və Ermənistan, nəhayət, özündə güc tapıb müstəqil siyasət ortaya qoyacaq, habelə Almatı görüşündə sülh müqaviləsinin imzalanması istiqamətində bir çox razılaşmalar əldə oluna bilər”.
O əlavə edib ki, bu istiqamətdə gözləntilər böyükdür:
“Azərbaycanın və Ermənistanın bir-birilərinin ərazi bütövlüyünün, suverenliyinin tanınması, sərhədlərin delimitasiya və demarkasiya prosesi, eləcə də gələcək iqtisadiyyat platforması müzakirə olunacaq. Əgər sülh müqaviləsinə bir addım da yaxınlaşsaq, onu əldə etdikdən sonra iqtisadi əməkdaşlığın irəli aparılması istiqamətində müəyyən müsbət nəticələr gözləmək mümkündür”.
Rafi Müslümov
www.yenicag.az