Azərbaycanın xarici siyasətində YENİ MƏRHƏLƏ: İlham Əliyevin BMT kürsüsündən ötürdüyü mesajlar - ŞƏRH
“Azərbaycanın xarici siyasətində xüsusi mərhələ yaşamaqdayıq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O, Azərbaycanın dünyada xüsusi çəkiyə sahib olmasından danışıb.
Politoloq bildirib ki, Azərbaycan üçün yeni dövr başlayıb:
“Unutmaq olmaz ki, beynəlxalq siyasi konfiqurasiya bu gün iki əsas istiqamətdə inkişaf edir. Bir tərəfdə Çin mərkəzli Şanxay Əməkdaşlıq Təşkilatı və bu qurumun ətrafında formalaşan toplaşmalar, digər tərəfdə isə Qərb, xüsusilə də anqlosakson mərkəzli güc strukturları mövcuddur.
Bu kontekstdə Azərbaycan hər hansı bir cəbhə seçmək və ya konkret bir güc mərkəzinə bağlanmaq yanaşmasından uzaqdır. Azərbaycanın geostrateji mövqeyi müxtəlif güc mərkəzləri arasında körpü rolunu oynamağa imkan verir. Bu da ölkəmizi əməkdaşlıq platforması kimi ön plana çıxarır.
Azərbaycan təkcə Şərq və Qərb arasında vasitəçi olmaqla kifayətlənmir, eyni zamanda, üçüncü bir güc mərkəzinin – Türk Dövlətləri Təşkilatının funksional təmsilçisinə çevrilməkdədir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq sistemdəki rolunun daha da artdığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkdi. O, BMT-nin hazırkı beynəlxalq reallıqlara adekvat cavab verə bilmədiyini, bir çox hallarda ölkəmiz kimi dövlətlərin hüquqlarını müdafiə etməkdə aciz qaldığını bildirdi. Bu da göstərir ki, mövcud beynəlxalq sistemin ciddi çatışmazlıqları var.
Azərbaycan öz yolunda hər zaman haqlıdır. Atdığımız strateji addımlar başqa ölkələr üçün də örnək və təcrübə mənbəyi rolunu oynayır. Nəticə etibarilə, biz yeni platformalar, alternativ yanaşmalar və əməkdaşlıq modelləri təqdim edirik. Bir sözlə, Azərbaycanın xarici siyasətində xüsusi mərhələ yaşamaqdayıq”.
Nəsimi Ələsgərli