Moskvanın nüvə TƏHDİDİ: ABŞ birbaşa müdaxiləyə HAZIRLAŞIR?
“Rusiya-Ukrayna müharibəsində fərqli addımların şahidi oluruq. Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl bu qarşıdurmanı qısa müddət ərzində dayandıracağına dair vədlər verirdi. Lakin sonradan baş verən hadisələr göstərdi ki, bu, heç də real görünmür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
O bildirib ki, Alyaskada Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşdən sonra ABŞ liderinin ritorikasında dəyişiklik hiss olunur:
“Əslində, bunu görüntü naminə də qiymətləndirmək olar. Hazırda ABŞ daxilində büdcə məsələləri ilə bağlı müzakirələr aparılır. Demokratlar müəyyən məsələləri öz xeyirlərinə çevirməyə çalışırlar. Tramp da hazırda bu məsələ ilə maraqlanır. Bundan başqa, ABŞ sanki Avropadan Fələstini tanımasına görə qisas alır, Qərblə Rusiyanı üz-üzə qoyur. Ola bilər ki, bu, pərdəarxasında razılaşdırılıb, yaxud Rusiya Trampın məqsədini anlayaraq Avropaya təzyiq göstərir. Sanki rəsmi Moskva NATO nizamnaməsinin 5-ci maddəsini aktivləşdirmək üçün əlindən gələni edir. Bunu da qeyd etmək lazımdır ki, Ukraynanın son dövrlərdəki hücumlarında da müəyyən fərqliliklər müşahidə olunur. Qərb çalışır ABŞ-yə göstərsin ki, Ukrayna ordusunda döyüş ruhu hələ də qalır”.
Ekspert vurğulayıb ki, BMT tədbirləri çərçivəsində Zelenski ilə görüşən Trampın həmkarına söylədikləri – Rusiyanı “kağızdan pələng” adlandırması Ukrayna tərəfinə müəyyən ruh verə bilər:
“Tramp hətta bildirib ki, rəsmi Kiyev 1991-ci il sərhədlərini də bərpa edə bilər. Bu fikirlər ABŞ liderinin bir ay əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Amma döyüş ruhunun davamlı olması üçün Ukrayna tərəfinə həm maddi, həm də hərbi dəstək vacibdir. Rusiyanın Fransadakı və Böyük Britaniyadakı səfirlərinin “NATO təyyarələrimizi vurarsa, bu, müharibə elanı deməkdir” fikirləri, NATO-nun şərq cəbhəsində genişlənməsinin nəticəsidir. Proseslər inkişaf edərsə, Moskva yenidən nüvə təhdidinə əl atacaq. Amma düşünürəm ki, ABŞ bir müddətdən sonra yenidən bu məsələlərə birbaşa müdaxilə edəcək. Dediyim kimi, Birləşmiş Ştatlar hazırda Rusiya və Qərbi üz-üzə qoymaq istəyir. Tramp istəyir ki, Avropa və NATO bu məsələlərdə ABŞ-nin rolunu anlayaraq ondan ikiəlli yapışsın. Ümumilikdə isə ABŞ olmadan Rusiya-Ukrayna müharibəsinin Qərb və NATO-nun xeyrinə həll olunması mümkünsüzdür”.
Məlik Məlikov