Deputat: "Azərbaycanda himayədar ailə institutu genişləndirilməlidir"
“Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün mühüm addımlar atılıb”.
Yenicag.az xəbər verir ki, nunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat, filologiya elmləri doktoru Elnarə Akimova deyib.
Deputat çıxışında cəmiyyətin ən həssas qruplarından olan valideyn himayəsindən məhrum uşaqların müdafiəsinin dövlətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb:
“Bu uşaqlar bizim gələcəyimizdir, sabahımızdır. Onların üzündə təbəssüm, həyatında sevinc görmək dövlət olaraq borcumuzdur”, – deyə Akimova bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu sahədə mühüm addımlar atıb. Qəbul olunmuş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun, “Uşaq hüquqları haqqında” Qanun və Ailə Məcəlləsi bu övladların hüquqlarını qorumaq üçün möhkəm baza yaradıb.
Deputat qeyd edib ki, valideyn himayəsindən məhrum uşaqlar dövlətin tam himayəsindədir: onların təhsili ödənişsizdir, dərs ləvazimatları təmin olunur, tibbi sığorta isə yüksək səviyyədə həyata keçirilir:
“Son illərdə qəbul edilən qərarlar isə onların sosial rifahında xüsusi rol oynayır. Təhsilini uğurla başa vuran hər bir gəncə 2600 manat birdəfəlik müavinət verilir. İlk dəfə işə girən zaman isə 6000 manat dəstək ayrılır”.
E. Akimova çıxışında həmçinin vurğulayıb ki, maliyyə yardımı ilə yanaşı, əsas məsələ bu uşaqların gələcəyə özünə güvənən fərdlər kimi hazırlanmasıdır.
Deputat müzakirəyə çıxarılan yeni qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd edib:
“Bu qanun valideyn himayəsindən məhrum uşaqlara şamil ediləcək bütün imtiyazları nəzərdə tutur və himayədar ailə institutunun genişlənməsinə imkan yaradacaq. Bu da uşaqların ailə mühitində böyüməsinə şərait yaradacaq”.
Sonda millət vəkili həmkarlarına müraciət edib:
“Biz həmişə deyirik ki, uşaqlar dövlətin gələcəyidir. Elə işlər görək ki, sabah bu uşaqlar cəmiyyətə yalnız minnətdarlıqla boylansınlar”.