161 nömrəli məktəbdə Anım günü ilə bağlı tədbir KEÇİRİLDİ – VİDEO/FOTO
Sentyabrın 27-də Bakı şəhəri Yasamal rayonu 161 nömrəli məktəbdə 27 Sentyabr – Anım günü ilə bağlı tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə ilk öncə torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin tarix müəllimi Gülşən Hümbətova çıxış edərək bildirib ki, 5 il öncə başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin tarixidir:
“Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi”.
O, çıxışı zamanı bildirib ki, Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi:
“Düşmənin 30 il ərzində qurduğu, milyardlarla vəsait xərclədiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Azərbaycanın tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu”.
Daha sonra təlim tərbiyə işləri üzrə direktor müavini Nahid Fərəcov çıxışı zamanı vurğulayıb ki, 44 günlük haqq savaşımızda çoxsaylı şəhidlər verdik:
“Biz bu günümüzə görə onlara borcluyuq. Yüz illər keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır”.
Tədbirin təşkilatçısı Ülviyyə Şükürova isə vurğulayıb ki, Anım günü şəhidlərin ruhuna ehtiramın, gənc nəslin vətənpərvərlik tərbiyəsinin mühüm hissəsidir:
“Bu tədbirlər gənclərin vətənə bağlılığını gücləndirir və şəhidlərin xatirəsini daim yaşadır”.
Psixoloq Nərgiz Cavadova da çıxışında qeyd edib ki, müharibənin yaratdığı mənəvi izlər, xüsusən də şəhid ailələrinin yaşadıqları ağrı-acılar cəmiyyətin hər bir üzvü tərəfindən anlaşılmalı və bölüşülməlidir:
“Şəhid ailələrinə dəstək həm mənəvi borcumuz, həm də sosial məsuliyyətimizdir”.
Yekunda isə məktəbdə təhsil alan şəhid övladları Ceyhan Qənbərov və Elcan Rüstəmov ataları haqda xatirələrindən danışıblar. Şəhid polkovnik-leytenant Mehman Qənbərovun həyat yoldaşı Xuraman Qənbərova da çıxış edərək şəhidin həyat yolu, əsgərlərlə səmimi münasibətindən, elinə, xalqına sevgisindən, vətən qarşısındakı xidmətlərindən geniş məlumat verib. Daha sonra şəhid Elnur Rüstəmovun həyat yoldaşı Sara Rüstəmova da tədbirin təşkilinə və şəhidin əmanətlərinə xüsusi diqqətə görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirin sonunda şagirdlərin vətənpərvərlik ruhunda hazırladıqları slaydlar, şeirlər və mahnılar iştirakçılara təqdim olunub.
Məsimə Məmmədova
Samir Məcidov