Kremlə sızan müharibə: Putin çıxılmaz SSENARİDƏ
“Putini hazırda düşündürməli olan əsas məsələ müharibənin Rusiyanın daxilinə qədər gəlib çatmasıdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Ukraynanın hücumları fonunda Rusiyanın atəşkəslə bağlı mövqeyini şərh edib.
Politoloq bildirib ki, Moskva, liderlər çərçivəsində görüşün təşkil olunmasına müsbət yanaşmır.
“İstanbul görüşündə belə sadəcə əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edildi. Yəni Rusiya-Ukrayna müharibəsi ətrafında Türkiyədə keçirilən hər iki görüş hələlik yalnız əsirlərin dəyişdirilməsi məsələsini həll edə bilib. Mümkündür ki, ayın axırlarına planlanan görüş də məhz İstanbulda baş tutacaq. Bu, ilk növbədə Türkiyənin həm bölgədə, həm də geosiyasi mənada artan nüfuzunun göstəricisidir. Ankaranın Kreml ilə münasibətlərini nəzərə aldıqda Türkiyənin vasitəçi rolu daha da artıb”.
“İlk öncə nəzərə almaq lazımdır ki, Moskvanın atəşkəsə razılıq verməməsi bir neçə səbəbdən qaynaqlanır. Əgər atəşkəsə razılıq verilsə 30 gündən sonra müharibəyə başlamaq Rusiya üçün çətindir. Çünki Rusiya xalqı da müharibədən bezib. Buna baxmayaraq etirazlarını açıq şəkildə edə bilmirlər. Atəşkəsdən sonra müharibə olacaqsa Rusiya xalqının narazılığının artacağını bilən Kreml bunda qətiyyən maraqlı deyil”, – deyə o, əlavə edib.
“Əlavə olaraq atəşkəslə bağlı razılıq əldə edilsə 30 günlük müddət uzana bilər. Nəticədə isə Ukraynanın 4 bölgəsinin administrativ sərhədlərinə çıxa bilməyən Rusiya Prezidenti Vladimir Putin istəyinə tam şəkildə çata bilməyəcək. Lakin Putini hazırda düşündürməli olan əsas məsələ müharibənin Rusiyanın daxilinə qədər gəlib çatmasıdır”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli