Kremlin İFŞA DOSYESİ: Azərbaycanlılara qarşı aparılan “müharibə”nin SƏBƏBİ
Rusiyada son illərdə müşahidə edilən siyasi və sosial proseslər bu ölkənin təhlükəli bir mutasiyaya uğradığını göstərir. Ukraynada hərbi fəlakət yaşayan, Qərb dünyasından təcrid olunan və beynəlxalq hüququ sistemli şəkildə pozan Moskva artıq yalnız xarici düşmənlərlə deyil, daxildəki fərqli etnik və dini qruplarla da hesablaşma mərhələsinə keçib. Bu isə təkcə siyasi səhvlər zənciri yox, əksinə, iflasa doğru gedən imperiya təfəkkürünün yeni mərhələsidir.
Yeni səngərlər, köhnə qurbanlar: Miqrantlar döyüş meydanlarında
Rusiyanın hərbi cəbhələrdə üzləşdiyi kəskin insan resursu çatışmazlığı onun daxili etnik dinamikasına qarşı zorakı siyasətini daha da sərtləşdirib. Özünü “müharibənin qalibi” kimi göstərməyə çalışan Kreml indi ölkənin miqrantlarını “insan materialı” kimi döyüş səngərlərinə sürükləyir. Burada isə söhbət könüllülükdən yox, açıq və sistemli məcburetmədən gedir.
Miqrantlara qarşı həyata keçirilən bu repressiv siyasət sadə deportasiya və ya inzibati qərarlarla məhdudlaşmır. Onlar narkotiklərlə şərlənir, ailə üzvləri ilə təhdid olunur, törətmədikləri cinayətlərlə ittiham edilir. Əgər müqavimət göstərirlərsə, qarşılıq olaraq ya ölkədən qovulurlar, ya da döyüş meydanına aparılırlar. Bütün bu proses isə hüququn deyil, qorxunun diktəsi ilə idarə olunur.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb olunması ilə bağlı açıq etirafları da təsdiq edir ki, bu siyasət Kremlin rəsmi xəttidir. Hətta bu cinayətkar siyasətin statistikasının aparılması belə, məsələnin nə qədər dərin və təşkilatlanmış olduğunu göstərir.
Azərbaycan hədəfdə: Kremldən açıq təhdidlər
Moskvanın təzyiq maşını yalnız daxili auditoriya ilə kifayətlənmir. Rusiya qonşularına, xüsusilə də Azərbaycan kimi müstəqil qərar verən dövlətlərə qarşı artıq açıq təzyiq və düşmənçilik ritorikasına keçib. Həştərxanda keçirilən beynəlxalq tədbirə dəvət olunmuş Azərbaycan millət vəkilinin ölkəyə buraxılmaması sıradan protokol pozuntusu deyil, sistemli Azərbaycanofob siyasətin nümunəsidir. Bundan öncə Azərbaycanın rəsmi informasiya resurslarına qarşı təşkil olunan kiberhücumlar da eyni xəttin davamıdır. Milli Məclisin komissiya sənədlərində bu hücumların arxasında Rusiyanın dövlət strukturlarının dayanması birmənalı şəkildə qeyd olunub. Bu, artıq “qardaşlıq” maskasının yerini real təcavüzkar planların aldığı bir mərhələnin göstəricisidir.
Rusiyanın Azərbaycanla bağlı ikili standartları bununla da bitmir. Mülki təyyarənin vurulması ilə nəticələnən hadisədə Moskvadan nə üzrxahlıq gəldi, nə də məsuliyyətin etirafı. Bu məsələnin beynəlxalq müstəviyə daşınması və kompensasiya tələb olunması Azərbaycanın hüquqi və mənəvi haqqıdır. Kreml isə susqunluqla öz günahını təsdiqləyir.
Rusiyada islamofobiya dövlət siyasətinə çevrilir
Rusiya daxilində isə islamofobiyanın alovlanması sadəcə ictimai əhval-ruhiyyənin məhsulu deyil, dövlətin formalaşdırdığı yeni ideoloji diskursdur. Bu proses bir neçə il əvvəl mediada gizli şəkildə başlayıbsa da, indi açıq şəkildə Solovyov kimi Kremlin ruporu olan şəxslərin vasitəsilə yayımlanır. Azərbaycanın, ümumilikdə müsəlman xalqların açıq şəkildə təhqir və cəmiyyətə düşmən obrazı kimi təqdim olunması Kremlin siyasi manipulyasiya mexanizminin bir parçasıdır. Tatarlar, başqırdlar, çeçenlər – tarixən bu ölkənin bir hissəsi olan xalqlar artıq ikinci dərəcəli vətəndaş yox, şübhəli ünsür kimi damğalanır. Bütün bunlar isə Rusiyanın “federativ” modelinin formal bir mif olduğunu göstərir.
Cənubi Qafqazda müharibənin növbəti pərdəarxası rejissoru: Moskva
Kremlin Cənubi Qafqazda yeni qarşıdurmalara meyl etməsi isə daha təhlükəli nəticələrə yol aça bilər. Ermənistanda revanşist və radikal qüvvələrin – Koçaryan, Sarkisyan və onların siyasi klanlarının yenidən səhnəyə çıxması sırf daxili siyasi məsələ kimi izah oluna bilməz. Onlar Kremlə bağlı qüvvələr kimi bölgədəki status-kvonu pozmaq, regionu sabitlikdən çıxarıb yenidən müharibəyə sürükləmək niyyətindədirlər. Odur ki, bu, sadəcə Ermənistanın daxili gərginliyi deyil. Bu, Rusiya tərəfindən idarə olunan və Cənubi Qafqazda özünün hərbi-siyasi təsirini qorumağa yönəlmiş bir geosiyasi layihədir. Sülh danışıqlarının pozulması, təxribatların artırılması, ritorikanın sərtləşməsi – hamısı bu ssenarinin tərkib hissəsidir.
İmperiya ambisiyaları və yaxud “rus ayısı”nın növbəti dərdi
Rusiya artıq XXI əsrin siyasi reallıqlarına uyğunlaşa bilməyən bir gücdür. Onun daxili siyasəti şovinizm və etnik təmizləmə, xarici siyasəti təhdid və zorakılıq, informasiya siyasəti isə yalan və təxribat üzərində qurulub. Kreml bu vasitələrlə təkcə daxildəki narazılığı boğmağa çalışmır, həm də region ölkələrini qorxutmaq niyyəti güdür. Lakin Azərbaycan kimi dövlətlər bu təzyiqlər qarşısında geri çəkilmir. Rəsmi Bakı təkcə öz suverenliyini yox, həm də hüquqi ədaləti müdafiə edir. Bu gün Rusiyanın yaratmaq istədiyi qorxu ssenariləri ilə mübarizə aparmaq region xalqlarının ortaq marağına çevrilib. Çünki Kreml çökərkən tək getməyəcək – onu ayıq qarşılamayan hər kəsi özü ilə uçuruma aparacaq.