Kremlin russayağı “müttəfiqlik” anlayışı – Moskva Bakıdan NƏ GÖZLƏYİR?
Rusiyanın Azərbaycana qarşı yönəltdiyi təzyiqlər və siyasi ritorika son günlər daha da açıq və aqressiv xarakter alıb. Kreml rəsmiləri rəsmi media qurumları və siyasi elita nümayəndələri vasitəsilə Azərbaycanın xarici siyasət kursunu hədəf almağa çalışırlar. Ən son nümunələrdən biri prezident Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı “mübahisəli ərazi” kimi təqdim etməsi və ardınca da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycanın NATO ilə əməkdaşlığına eyham vuraraq “təhlükəli nəticələr” barədə xəbərdarlıq etməsi oldu.
Zaxarovanın NATO vurğusu isə əslində, maskalanmış bir mesajdır: Moskva Azərbaycanın Türkiyə ilə hərbi-siyasi ittifaqından narahatdır. Rusiya diplomatiyası bu narahatlığı “NATO təhlükəsi” adı ilə təqdim etsə də, reallıqda Kremlin əsas hədəfi Azərbaycan-Türkiyə strateji tərəfdaşlığıdır. Bu ittifaq isə nəinki Azərbaycana, bütövlükdə regiona sabitlik və güc balansı gətirir.
Bütün bunların üzərinə Rusiya dövlət agentliyi “RİA Novosti”nin “Moskva Bakının Krım və digər “yeni regionları” tanımasını gözləyir” xəbərini əlavə etdikdə, Kreml siyasətinin mahiyyəti tam aydın görünür: Moskva Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyindən imtina etməsini istəyir. Başqa sözlə, Kreml deyir ki, Azərbaycan ya “bizimlə birlikdəsənsə, sübut elə” məntiqinə uyğun davranmalı, ya da təzyiqlərlə üzləşməlidir.
Halbuki Azərbaycanın mövqeyi illərdir dəyişməzdir: dövlətlərin ərazi bütövlüyü prinsipi heç bir halda selektiv tətbiq oluna bilməz. Azərbaycanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıması, Krımın və digər ərazilərin işğalını qəbul etməməsi yalnız hüquqi yox, eyni zamanda mənəvi və siyasi baxımdan da haqlıdır. Qarabağ münaqişəsində 30 il boyunca beynəlxalq hüquqa əsaslanaraq haqlı mövqe tutmuş bir ölkənin indi həmin prinsiplərə zidd davranması mümkün deyil.
Kreml, görünür, hələ də Azərbaycanın keçmiş SSRİ ölkəsi kimi onun təsir dairəsində qalmalı olduğunu düşünür. Lakin bu, artıq reallıqdan uzaq, nostalji ilə bəslənən imperiya illüziyasından başqa bir şey deyil. Azərbaycan bu cür təzyiqlərə emosional cavablar vermir, əvəzində soyuqqanlı və prinsipial diplomatik mövqeyini qoruyur. Bu mövqe yalnız Ukrayna ilə bağlı deyil, əksinə, dünyanın bir sıra qaynar nöqtələri ilə bağlı məsələlər də Bakı eyni prinsiplə çıxış edir.
Rusiya isə bu mövqeni “itaətsizlik” kimi dəyərləndirir və bundan doğan narahatlıqla müxtəlif siyasi rıçaqlardan istifadə etməyə çalışır. Amma burada unudulan əsas məsələ var: Azərbaycan nə Rusiyanın, nə də Qərbin diktəsi ilə hərəkət edən ölkə deyil. Bakı öz xarici siyasətini milli maraqlar, regional balans və beynəlxalq hüquq əsasında qurur. Bu müstəqil xətt ölkənin artan nüfuzunun və diplomatik manevr imkanlarının açıq göstəricisidir.
Yəni Moskvanın çağırışları Azərbaycan üçün “böyük seçim” anlamına gəlmir. Azərbaycan bu seçimini çoxdan edib. Rusiya nə qədər təzyiq göstərsə də, Bakı öz mövqeyindən dönməyəcək. Çünki bu mövqe yalnız milli maraqlara deyil, həm də beynəlxalq legitimliyə əsaslanır. Moskva anlamalıdır ki, 21-ci əsrdə “müttəfiqlik” təzyiq və tələb üzərində yox, qarşılıqlı hörmət və suveren qərar azadlığı üzərində qurulmalıdır. Azərbaycan isə artıq nəzarət edilən deyil, hesablaşılan dövlətdir.
Rafi Müslümov