Kremlin “sürünən ilhaq” siyasəti
Krımda avtomat lülələri altında keçirilən “referendum”un nəticəsi gözlənilməz olmadı. Ukraynanı, dünyanı fakt qarşısında qoymağa çalışan Rusiya bununla yaxın suveren ölkələrə qarşı yeni bir işğal siyasətinin bünövrəsini qoydu. Yox, bu, Abxaziya və Cənubi Osetiya ssenarisinin təkrarı deyil. Moskvanın yeni ərazilər zəbt etməyə hesablanmış fərqli, daha təhlükəli dəst-xəttidir – politoloqlardan birinin təbirincə desək, “sürünən ilhaq” siyasətidir.
Bu siyasətin digər adı siyasi abırsızlıqdır! Öz daxilində onlarca potensial Krımı, Çeçenistanı, Tatarıstanı olan Rusiyanın qonşu ölkələrdə separatçılığı dəstəkləməsinin, “xalqların öz müqəddəratını təyinetmə” hüququndan dəm vurmasının ayrı hansı adı ola bilər ki.
Ötən əsrin 90-cı illərində çeçen milli-azadlıq hərəkatını qan gölündə boğan Putin Rusiyası nə qədər məntiqsiz də olsa ardınca Abxaziyada, Cənubi Osetiyada eyni əzmlə separatçıları dövlət səviyyəsində müdafiə etməyə girişdi, onlara maliyyə, hətta hərbi köməyi əsirgəmədi. İndi də Krım. Çünki neo-imperiya maraqlarına görə, əgər xalqın öz müqəddəratını təyinetmə istəyi Rusiyanın daxilinə aiddirsə, bu – separatizm, yox, “ipə-sapa yatmayan” qonşu ölkədədirsə, beynəlxalq hüquqdan doğan azad seçimdir.
Rusiya beləcə, özünə rəva bilmədiyini başqasına məmnuniyyətlə görür. Ancaq Putin bir şeyi unudur ki, indi “güclünün həmişə haqlı olduğu” orta əsrlər deyil…
Gələn xəbərlərə görə, şimal qonşumuzun Qarabağda da rus pasportları paylamaq planı var. “Sürünən ilhaq” bu minvalla Qarabağa da çata bilər, əgər Kremlin Krım avantürasına demokratiya paytaxtları, Qərb, onun nüfuzlu maliyyə institutları sanballı kontur-tədbirlərlə cavab verməsələr. Söhbət beynəlxalq sabitliyin əsas qarantı sayılan çağdaş dünya düzəni üçün “qırmızı xətt”dən gedir. Onu kimsənin keçməsi yolverilməzdir.
Rusiyanın “qaydasız siyasəti”nin qurbanlarından biri kimi Azərbaycan o üzdən beynəlxalq birliyə gərəkən dəstəyi verməyi bacarmalıdır. Qərbin dərdlərimizə istədiyimiz səviyyədə yanması üçün bu, olduqca vacibdir. Heç kəs demir ki, Putinə ultimatum göndərək. Amma Moskvada cinayət olayına görə saxlanılan Orxan Zeynalovla bağlı Rusiyaya iki dəfə nota təqdim eləmiş rəsmi Bakının milli maraqlar baxımından taleyüklü məsələdə passiv qalması bağışlanmaz səhv ola, bizə daha baha otura bilər.
Məhz indi – referendumdan sonra Bakı Ukraynanın, beynəlxalq hüququn yanında olduğunu rəsmən bəyan edə, suveren dövlətin ərazisinə qəsdin yolverilməz olduğunu xatırladıb da MDB-nin artıq perspektivsiz bir quruma çevrildiyinə, Rusiyanın özününsə Qarabağ ixtilafında ədalətli vasitəçi olmaq statusunu itirdiyinə diqqət yönəldə bilər.
Bəli, Kremlin xoşuna gəlməyəcək, müəyyən mənada hətta riskli bir gediş olacaq. Ancaq “Uçmaq istəməyəndən qartal çıxmır”. Belə bir reverans Azərbaycana böyük siyasi divident gətirmək, Rusiyanın regionda 1 nömrəli forpostu Ermənistanın işğalçı siyasətini isə faş etmək baxımından yaxşı effekt yaradardı.
Tarixi şansı qaçırmaq Dağlıq Qarabağı özümüzdən bir qədər də uzaqlaşdırmaq anlamına gələcək. Halbuki, onu bir güllə atmadan yaxınlaşdırmaq imkanı yaranıb indi. Onsuz da itirdiyimizi itirmişik. “İslanmışın yağışdan nə qorxusu?..”
Krım olayları təsdiqlədi ki, Moskva heç vaxt konfliktin ədalətli həllinə səy göstərməyəcək. Dağlıq Qarabağda Rusiya pasportlarının paylanması məsələsindən isə bəlli olur ki, Rusiya Qarabağı heç Ermənistana da bağışlamaq niyyətində deyil. Moskvanın separatçı bölgələrlə bağlı hədəfi Ukrayna hadisələrindən sonra apaydındır: Putin SSRİ-nin təzədən reanimasiyası kursunu götürüb və hansısa cırtdan Ermənistanın yox, Rusiyanın ərazisini genişləndirmək istəyir, onu keçmiş SSRİ hüdudlarına çatdırmaq amacındadır.
Daha nə olmalıdır ki, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünə real qarantı başqa, qardaş Türkiyənin də təmsil olunduğu daha etibarlı təhlükəsizlik sistemində axtarsın? Hətta Ermənistanda Rusiyanın təhlükəsizlik zəmanətlərindən imtina barədə danışmağa başlayıblarsa, o zaman kimi gözləyirik? Yoxsa bu dəfə də işğalçı ölkənin bizi qabaqlamasını seyr edəcəyik?
musavat.com