Krım RAZILAŞMASI: Rusiyanın təcavüzünə yaşıl işıq YANDIRILIR? – TƏHLİL
Bu vəziyyət, Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirməsi üçün təhlükəli bir açılış ola bilər
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda Krım sövdələşməsinin təhlükələrini təhlil edən “KyivPost” nəşri yazıb.
Məqalədə bildirilib ki, Krım sövdələşməsi fəlakətdir və mütəxəssislər mümkün Krım sövdələşməsi ilə bağlı həyəcan təbili çalır. 28 aprel 2025-ci ildə mütəxəssislər Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsinin beynəlxalq nizamı ciddi şəkildə poza biləcəyini və hüquqi problemlərə səbəb olacağını vurğulayıblar. ABŞ prezidenti Donald Trampın bazar günü verdiyi açıqlamada Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı münaqişənin nizamlanmasının bir hissəsi kimi qəbul edə biləcəyini bildirməsi mütəxəssisləri narahat edib. Onlar belə razılaşmanın beynəlxalq hüququn pozulması və ciddi nəticələrə yol açması ehtimalını dilə gətirirlər.
Tartu Universitetinin beynəlxalq hüquq professoru Lauri Malksoo bu cür razılaşmanın böyük güclər üçün güc tətbiqi qadağasını pozmağın bəhrəsini verə biləcəyini bildirib. 1945-ci ildən sonra beynəlxalq hüquqda sərhədlərin zorla dəyişdirilməməsi prinsipinə ciddi riayət olunub. Sent Endryus Universitetinin professoru Fillips O’Brayn 80 ildir ki, bir ölkənin başqa bir ölkənin ərazisini hərbi yolla ələ keçirməsinin baş vermədiyini qeyd edir. Buna baxmayaraq, Kreml 2014-cü ildən bəri Krımı ilhaq edib və Ukraynanın digər bölgələrini də nəzarət altına almağa çalışır.
Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Eli Tenenbaum Ukraynanı Rusiyanın Krım üzərindəki suverenliyini tanımağa məcbur etmək cəhdinin “fəth hüququna qayıdış” demək olduğunu qeyd edib. Maks Plank İnstitutunun eksperti Mişel Erpeldinq isə belə bir qərarın dünya sülhünə təhlükə yarada biləcəyini və son dərəcə sabitliyi pozacağını bildirib. Birləşmiş Ştatlar Rusiyanın Krımın ilhaqını tanımağa hazır olduğunu bildirsə də, hər hansı bir razılaşmanın hüquqi etibarlılığı hələ də müzakirə mövzusu olaraq qalır.
Mütəxəssislər Kiyevin təzyiq altında belə bir razılaşma imzalaması halında müqavilənin hüquqi etibarsız sayılacağı barədə xəbərdarlıq edirlər. Malksoo məcburiyyətlə əldə edilmiş müqavilələrin etibarsız olduğunu və bu cür bir razılaşmanın hüquqi mübahisələrə səbəb olacağına diqqət çəkib. O’Brayn isə Ukraynanın Krımı verməyə razılaşmasının gələcəkdə Rusiyanın digər əraziləri ələ keçirməsi üçün presedent yaradacağını vurğulayıb. Analitiklər onu da deyiblər ki, bu vəziyyət Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirməsi üçün təhlükəli bir açılış ola bilər.
Nəsimi Ələsgərli