“Qazaxıstandakı münaqişənin silahlı toqquşmaya çevrilməsi onun əvvəldən hazırlanması və mərhələli şəkildə idarə edilməsindən xəbər verir”.
Bu sözləri Qazaxıstanda baş verən hadisələrin qısa müddət ərzində geniş miqyas almasının kökündə duran səbəbləri dəyərləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
Politoloqa görə, xalqın meydanlara çıxması və sosial-iqtisadi narazılıqları dilə gətirməyə başlaması müxtəlif dairələrin sürətlə hərəkətə keçməsinə, yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməsinə ciddi imkanlar yaradıb:
“Diqqət çəkən məsələlərdən biri xüsusilə də, II Qarabağ savaşından sonra türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsi amilidir. 12 noyabr 2021-ci ildə Türkdilli Dövlətlər Təşkilatının yaranması regiona marağı olan dövlətlərin ciddi narahatlığına səbəb oldu. 2019-cu ildə Nursultan Nazarbayevin prezidentlik kürsüsündən getməsi və təhlükəsizlik şurasının sədri təyin edilməsi Qazaxıstanın yeni strateji hədəf formalaşdırmağa başlaması ilə yanaşı, həm də kənar qüvvələrin basqısı altında həyata keçrilməsinə işarə edildiyini göstərir.
Qazaxıstandakı proseslərin ilk baxışdan spontan olmasına baxmayaraq, sonrakı mərhələdə münaqişənin silahlı toqquşmaya çevrilməsi onun əvvəldən hazırlanması və mərhələli şəkildə idarə edilməsindən xəbər verir. Ən azından sadə etirazçıların arasına qarışmış provakasiya qruplarının etirazçıları müxtəlif istiqamətə yönləndirməsi, dövlət əhəmiyyətli binaların tutulması və dağıdılması bunu deməyə əsas verir. Eyni zamanda etirazçılara silahların paylanması və silah obyektlərinin talan edilməsi də burada başqalarının əlinin olduğunu göstərən amillərdəndir”.
S. Hümbətova görə, Nazarbayevin statusunun əlindən alınması və hökumətin istefasından sonra Tokayevin dərhal KTMT-ni ölkəyə çağırması onu göstərir ki, pərdəarxasında Tokayev-Kreml razılaşmasının olması mümkündür:
“Buna uğun olaraq Nazarbayevin təyin etdiyi kadrlar qısa müddətdə hakimiyyətdən uzaqlaşdırıldı. Tokayev onları uzaqlaşdırmaqla səlahiyyətlərini əlindən aldığı Nazarbayevin təsirini azaltmağa çalışır. Həmçinin KTMT özünün nüfuzunu artırmaq və Rusiyanın Qazaxıstan üzərində təsirini möhkəmləndirmək üçün mümkün qədər qısa vaxt ərzində etirazları qanlı şəkildə basdırmağa çalışacaq”.
Gülşən Şərif
www.yenicag.az