Zəfər paradında YENİLİKLƏR OLACAQ: təyyarələr, dronlar, avadanlıqlar... - ŞƏRH
“Noyabrın 8-də keçiriləcək Zəfər paradında Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahların sərgilənəcəyi gözlənilir”.

Bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu silahların hansılar olacağını isə parad günü görəcəyik:
“Sözügedən məsələ spesifik xarakter daşıdığı üçün bütün silahlar nümayiş etdirilmir. Hətta 44 günlük Vətən müharibəsindən sonra da hava hücumundan müdafiə sistemlərinə dair bəzi avadanlıqları sərgiləmədik. Düşünürəm ki, builki hərbi paradda yeniliklər olacaq. Həmin yenilikləri isə ya ölkə başçısının çıxışında, ya da təqdimatlarda görəcəyik”.
Hərbi ekspert qeyd edib ki, parad ölkənin güc nümayişidir:
“Bu, 2020-ci ildəkindən tam fərqlənəcək. Ordumuzun arsenalına yeni təyyarələr, dronlar, avadanlıqlar, rabitə cihazları əlavə olunub. Silahlı Qüvvələrimizdə mobilləşmə aparılıb, komando hərbi hissələri yaradılıb. Qısası, ordumuz həm maddi, həm də mənəvi cəhətdən zənginləşib. 8 Noyabr hərbi paradında Zəfərimizin 5 illiyi ilə bağlı hesabat xarakterli məlumat alacağıq”.
Qedy edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Müdafiə Nazirliyinin məlumatına görə, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Məlik Məlikov












