Trampın yanaşması gələcəkdə yeni problemlərə yol açacaq - ŞƏRH
“Mürəkkəb vəziyyət fonunda Trampın çağırışı hər iki tərəfin “qalib” kimi tanıdılmasından ibarətdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı gələcəkdə ata biləcəyi mümkün addımlar barədə fikirlərini səsləndirərkən deyib.
Politoloq bildirib ki, Tramp Misirdə Yaxın Şərqdə sülh razılaşması əldə etdikdən sonra əsas diqqətini Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına yönəldib:
“Lakin qeyd edilməlidir ki, Yaxın Şərqdə əldə olunan sülh uzunömürlü olmayıb və regionda baş verən proseslər yenidən gərginlik yaradıb. Trampın Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeyi müharibənin dayandırılmasının vacibliyidir. Bu məqsədlə Vaşinqton həm Kiyev, həm də Kreml ilə danışıqlar aparır.
Danışıqların əsas məqsədi tərəfləri sülhə razı salmaqdır. Lakin hər iki tərəf də təklif olunan sülh şərtləri ilə razılaşmır. Ukrayna üçün əsas məsələ ərazi bütövlüyünün bərpası və işğal olunmuş torpaqların geri qaytarılmasıdır. Bu, həm Ukraynanın təhlükəsizliyi, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Rusiya isə tam qələbə qazanmaq və nəzarət etdiyi Ukrayna ərazilərinin legitimliyini tanıtmaq, bununla da Ukraynanın indiki sərhədlərinin dəyişməsini qəbul etdirmək niyyətindədir”.
Onun sözlərinə görə, mürəkkəb vəziyyət fonunda Trampın çağırışı hər iki tərəfin “qalib” kimi tanıdılmasından ibarətdir:
“Yəni müharibəni sona çatdırmaq üçün bu yolu daha məqsədəuyğun görür. Lakin belə yanaşma gələcəkdə yeni problemlərə yol aça bilər.
Ukrayna hələ də ciddi şəkildə silahlanmaya ehtiyac duyur. Əvvəl vəd edilən raketlərin, o cümlədən “Patriot” sistemlərinin göndərilməsində gecikmələr Avropa tərəfdaşları arasında da suallar yaradıb. Ukraynaya verilən silahların həcmi və keyfiyyətinin azalması Vaşinqtonun sülhə yönəlmiş strategiyasının göstəricisi ola bilər. Bununla belə sülh əldə olunmadığı təqdirdə məsələ yenidən ABŞ administrasiyasının diqqət mərkəzinə qayıtmalıdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli











