!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kür ətrafının sakinləri içməli su qıtlığından əziyyət çəkə bilər

!Reklam – Yazi

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları Səidə Zeynalova, Gülnar Hacıyeva və elmi işçi Emil Cəbrayılov şöbə müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayılovun rəhbərliyi ilə 4 gün müddətində ezamiyyətdə olublar.

Yenicag.az xəbər verir ki, məqsəd Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamiki dəyişmələri öyrənmək olub. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.

Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir göstərir. Hava temperaturunun ölkə ərazisində 0,8-13 dərəcə artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.

Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına dolmasına səbəb olub. Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay yatağının dibi ilə yuxarıya doğru irəliləyib.

Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib.

Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Bunlara aşağıdakılar aiddir:

1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;

2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;

3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;

4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;

5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;

6. Çay suyundan özbaşına su götürülmələri və s.

Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə, Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.

COP29

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv