Laçın Zirvəsi: Türk-İslam həmrəyliyinin strateji MANİFESTİ
“Bu möhtəşəm hadisə hər üç ölkənin tarixində qızıl hərflərlə yazılacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, Laçında keçirilən tarixi görüşün mühüm əhəmiyyəti barədə fikirlərini diqqətə çatdırıb.
Millət vəkili bildirib ki, Laçında keçirilən üçtərəfli zirvə görüşü dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın bariz nümunəsi oldu:
“Üç liderin – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçın görüşü həm regional, həm də qlobal miqyasda bir sıra vacib mesajlar verdi. Azərbaycan bu görüş vasitəsilə dünyaya Şərqi Zəngəzuru, füsunkar Laçını, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini nümayiş etdirdi. Bu ərazilərdə görülən işlərin miqyası Azərbaycanın gücünü, iradəsini və inkişaf potensialını ortaya qoydu”.
Onun sözlərinə görə, zirvə zamanı liderlər siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etdilər və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini vurğuladılar:
“Dost ölkələr bu birlikdən məmnunluq duyduğu halda, bəzi dairələr isə narahatlıq keçirir. Çünki bu həm dostluğun möhkəmlənməsi, həm də düşmənə verilən ciddi mesajdır. Məsələn, Hindistanın bəzi xəbər portallarında Ermənistan və digər ölkələrlə birlik yaratmağa dair çağırışların edilməsi, narahatlıq dolu açıqlamaların verilməsi bu reallığın açıq göstəricisidir. Əminik ki, Laçın zirvə görüşü zamanla öz bəhrəsini verəcək və bu möhtəşəm hadisə hər üç ölkənin tarixində qızıl hərflərlə yazılacaq”.
Nəsimi Ələsgərli