““Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ən önəmli xüsusiyyətlərindən biri də hər bir rəqibə hörmətlə yanaşmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Linkoln”-“Qarabağ” matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, müasir futbolda “zəif rəqib” anlayışı əhəmiyyətini çoxdan itirib:
“İndi hər kəs futbol oynamağı bacarır. O cümlədən, “Linkoln” da. Ona görə də bu rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Əksə halda bunun aqibəti pis olar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ən önəmli xüsusiyyətlərindən biri də hər bir rəqibə hörmətlə yanaşmasıdır. Düzdür, “Qarabağ” cütün aşkar favoritidir. Amma “aşkar favorit” anlayışı yalnız kağız üzərindədir. Komandalar meydana çıxdıqdan sonra bunun heç bir əhəmiyyəti qalmır. Meydandan o komanda qalib ayrılır ki, mübarizə aparır”.
N.Muxtarlı qeyd edib ki, “köhlən atlar” bu oyunlardan itkisiz çıxmağı bacarmalıdırlar:
“Linkoln” artıq bu mövsüm Çempionlar Liqasında iki oyun keçirib. Yəni futbolçular həm təcrübə toplayıblar, həm də müəyyən oyun keyfiyyətləri əldə ediblər. Bu baxımdan rəqib üstün durumdadır. “Qarabağ” isə yeni mövsümdə ilk rəsmi oyununu keçirəcək. Dəfələrlə şahidi olmuşuq ki, “Qarabağ” avrokuboklarda ilk oyunlarda istənilən keyfiyyəti ortaya qoya bilməyib, tədricən forma yığıb. Deməli, eyni problem “Linkoln”la oyunlarda da yaşana bilər. Amma bütün hallarda “Qarabağ”ın təcrübəsi bəs edəcək ki, bu mərhələni adlasın. Ancaq “köhlən atlar” bu oyunlardan itkisiz çıxmağı bacarmalıdırlar. Yəni zədə, qırmızı vərəqə olmamalıdır. Çünki “Qarabağ”ı növbəti mərhələdə olduqca ciddi rəqib gözləyir. Deməli, “Linkoln”la oyunda ikiqat məsuliyyət tələb olunur. Bu da rəqibi zərərsizləşdirmək, özü də itki olmadan zərərsizləşdirmək. Ümid edək ki, “Qarabağ” bu vəzifənin öhdəsindən gəlməyi bacaracaq”.
İsmayıl Bakuvi
www.yenicag.az