Luna gündəmi BİR-BİRİNƏ VURDU: “Savad yox, IQ səviyyəsi sıfır...”
“Bəzi aparıcılarımızın intellektual səviyyəsi çox aşağıdır. Verilişlərə dəvət etdikləri qonaqlar da elə özləri kimi savadsız, IQ səviyyəsi aşağı olan adamlardır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni Luna deyib.
Müğənni sərt tənqidləri ilə şou-biznes gündəmindəki sükutu pozub. Heç vaxt efir vasitəsilə “toy tutmadığını” bildirən Luna, sosial şəbəkələrin artıq telekanalları kölgədə qoyduğunu iddia edib:
“İndiki dövrdə müğənninin efirə çıxması o qədər də böyük önəm daşımır. “Instagram” və “TikTok” kimi platformalar populyarlaşandan bəri televiziyaya baxan kütlə kəskin azalıb. Şəxsən mən özüm 15 ildir televiziyaya baxmıram, buna heç marağım da olmayıb. Çünki bəzi aparıcılarımızın intellektual səviyyəsi çox aşağıdır. Verilişlərə dəvət olunan qonaqlar da eyni simalardır. Dünyagörüşü olmayan, savadsız müğənnilərin yalan üzərində qurulan qalmaqalları və dedi-qoduları insanları bezdirib. Əsl sənət kənarda qalıb, boş söhbətlərlə tamaşaçının zövqünü korlayırlar”.
Müğənni istedadlı gənclərin efirlərdən kənarda qalmasına da etirazını bildirib:
“O qədər istedadlı gənclərimiz var ki, səhnə mədəniyyəti və ifa bacarıqları ilə çoxlarına dərs keçərlər. Lakin onları efirə yaxın buraxmırlar. Elə özümü misal çəkim efirin mənə heç bir maddi xeyri olmayıb, televiziyaya çıxıb toy sifarişi almamışam. Mənim mahnılarım mütəmadi olaraq TMB və digər radiolarda səsləndirilir”.
Lunanın fikrincə, sənətçinin tanınmasında əsas yükü artıq sosial şəbəkələr daşıyır:
“Bu gün müğənnilər öz musiqilərini sosial platformalar üzərindən təbliğ edir və qazanclarını da oradan əldə edirlər. Məsələn, Roza Zərgərli “YouTube” və digər platformalar vasitəsilə mahnısını dünyaya çatdırdı. Bu gün o, beynəlxalq səviyyədə tanınan bir sənətçi kimi müxtəlif ölkələrdə konsertlər verir. Heç efirə çıxmasa da olar. Demək istəyirəm ki, Azərbaycanda televiziya artıq müğənni üçün həlledici rol oynamır. Əsas odur ki, öz üzərində çalışasan və keyfiyyətli musiqi təqdim edəsən. Tanıtım üçün sosial şəbəkələr ən böyük meydandır”.
Cəvahir













