Macarıstanın xarici işlər və xarici ticarət nazirinin müavini Levent Magyar yeni növ koronavirus (COVİD-19) ilə mübarizədə ölkəsinə yardım göstərən ölkələr arasında ilk sırada Türkiyə və digər türk dövlətlərinin yer aldığını söyləyib.
Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Macarıstan İş Şurasına üzv şirkətlər tərəfindən iki ölkə arasındakı dostluq əlaqələrinin göstəricisi olaraq Macarıstana göndərilən yardım mərasim təşkil edilərək Macarıstan rəsmilərinə təslim edilib.
Tədbirdə çıxış edən Magyar ölkəsinin həyata keçirdiyi tədbirlər və atdığı addımlar nəticəsində epidemiyanın ilk dalğasından uğurla xilas olduğunu, ancaq epidemiyanın istənilən vaxt yenidən qayıda biləcəyini vurğulayıb.
Ölkəsinin tibbi cihazların təmin edilməsi istiqamətində səylərini davam etdirdiyini və virusa qarşı mübarizədə Türkiyə də daxil olmaqla bəzi ölkələrin Macarıstana yardım göndərdiyini qeyd edən Magyar “Macarıstanın köməyinə gələn ilk ölkələr istisnasız Türk dünyası ölkələri idi. Bizə göstərilən bu yardımları heç vaxt unutmayacağıq, çünki əsl dostluq çətin günlərdə bəlli olur. Türkiyəyə bu gün göndərdiyi yardımlara görə də təşəkkür edirəm. Türk xalqı macarların həqiqi dostudur”, – deyə bildirib.
Türkiyənin Macarıstandakı səfiri Əhməd Akif Oktay isə tədbirdəki çıxışında deyib ki, Macarıstan və Türkiyə bu günə qədər koronavirusa qarşı mübarizə çərçivəsində olduqca uğurlu addımlar atıb.
Səfir Oktay epidemiyanın bir daha qlobal problemlərin ancaq qlobal əməkdaşlıqla həll edilə biləcəyini göstərdiyinə diqqət çəkib:
“Türkiyə və Macarıstan həm ikitərəfli səviyyədə həmrəylik nümunəsi nümayiş etdirməklə, həm də digər ölkələrə yardım əli uzatmaqla bu sınaqdan da uğurla çıxıblar”.
www.yenicag.az