MAQATE vasitəsilə casusluq – İranın bombalanması ilə bağlı ŞOK İDDİA
“İran gücə qarşı güc qoymaq yolunu seçib”
Bu fikri İranın xarici işlər nazirinin Avropa ölkələri ilə nüvə danışıqlarını “mənasız” adlandırması və bundan sonra gözlənilən prosesləri Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.
Tərlan Eyvazovun sözlərinə görə, Avropa ölkələri ABŞ-ın icazəsi olmadan müstəqil qərar verə bilmirlər:
“Göründüyü kimi, İranla danışıqlarda əsas rol ABŞ-a məxsusdur. ABŞ, İranla danışıqları davam etdirmək niyyətində olduğunu bildirərkən və növbəti raund üçün vaxt müəyyən olunmuşkən, İsrail tərəfindən təcavüzə məruz qaldı. Əvvəlcə ABŞ hücumdan xəbərsiz olduğunu bəyan etdi, lakin sonradan bu hücuma dəstək verdi. Sonrakı proseslər göstərdi ki, ABŞ-ın bəyanatları qeyri-ciddidir”
Ekspertinsözlərinə görə, MAQATE əməkdaşlarının İranda fəaliyyətinə şərait yaradılmış, lakin bu imkanlar suistifadə olunmuşdur:
Avropa və MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) əməkdaşlarına İranda fəaliyyət üçün şərait yaradılmışdı. Onlar isə əldə etdikləri bütün kəşfiyyat materiallarını İsrailə ötürdülər. İsrail və ABŞ da həmin məlumatlar əsasında İrana qarşı hərbi əməliyyatlar həyata keçirdi.
Tərlan Eyvazov bildirir ki, hazırda Qərb İranı danışıqlardan yayınmaqda ittiham etsə də, əslində prosesi pozan hücumların özü olub:
Qərb isə indi İranı danışıqlara gəlməməkdə ittiham edir. Halbuki reallıq budur: İran danışıqlara gəlirdi. Lakin hücum bütün prosesi pozdu. Hətta danışıqlar davam etsə belə, sanksiyaların aradan qaldırılması ilə bağlı real addımlar atılmır.
Biz bu prosesi daha əvvəl İraqda və Suriyada da görmüşük. Həmin ölkələr geri addım atsalar da, nəticədə hansı vəziyyətə düşdükləri hamıya məlumdur. İran da bu nümunədən nəticə çıxarır və buna görə də gücə qarşı güc göstərmək yolunu seçib.
Ekspert həmçinin Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsini misal çəkərək bildirib ki, bəzən ədalətə hərbi güclə nail olmaq mümkündür:
Eləcə də biz bu yanaşmanı öz tariximizdə yaşamışıq. Azərbaycan 30 ilə yaxın müddətdə bütün beynəlxalq platformalarda haqqını müdafiə edib, bir sıra sənədlərin qəbuluna nail olub. Lakin sonda torpaqlarını hərbi yolla işğaldan azad etdi.
Səxavət Məmməd