Media sizin şəxsi mirzəniz deyil – Cəvahir Nehru yazır

media-hightechnic-468x90

Biz teatrı sənət məbədi kimi görmüşük və belə tanımışıq. Əfsuslar olsun ki, son vaxtlar teatrlarımız sənət məbədindən çox intriqa yuvasına çevrilib.

Konkretləşdirsəm, söhbət Akademik Milli Dram Teatrından gedir. O teatrdan ki, vaxtilə həmin teatrın səhnəsində bizim müqtədir aktyorlarımızın hadisəyə çevrilən tamaşaları anşlaqla müşayiət olunub. Özüm dəfələrlə o səhnəyə şahidlik etmişəm. Hətta elə aktyorlarımız olub ki, onlara sitayiş etmişik – həm sənəti, həm də şəxsiyyəti qarşısında. Elə indi də hər dəfə qulağım səsdə olur ki, hansısa bir tamaşanın premyerasına dəvət alacağam. Amma başqa xəbərlər almalı oluram. “Aktyor həmkarına kəllə atdı”, “aktyor həmkarını söyüb-suladı”, “aktyor aktrisa ilə əlbəyaxa oldu”, “rejissor aktrisanı təhqir etdi”, “işdən qovmaqla hədələdi” və s…

Şəxsiyyəti və sənəti ilə tamaşaçı qəlbini fəth edən Azərbaycan kinosu və teatrına adını əbədi həkk etdirən məşhur ölməz rejissor Adil İsgəndərov demişkən, qadam, nə vaxta qədər sənətə dəxili olmayan bu şəxsi intriqalarla tamaşaçıların könlünü bulandıracaqsınız?! Bezmədiniz, yorulmadınız?! Bəlkə bir-birinizə artıq “dur” deməyin vaxtı çatıb?! Mövsüm başa çatıb e, amma siz hələ də “fəaliyyətdə”siniz… Bir özünüzə sual verdinizmi ki, il başa çatıb, amma hələ də tamaşaçıya dedi-qodudan başqa heç nə “yedizdirməmisiniz”?!

Ortada iş olsa, intriqaya da vaxt qalmaz, amma bunlar səhnədənkənar “tamaşa” oynayır və sizə elə gəlir ki, media bu şəxsi intriqaları işıqlandırmağa borcludur və bunlar “nə çalırsa, o havaya da oynanılmalıdır”.

İndi də intriqalarınızı daha da böyütmək, medianı da bura “kurs etmək” istəyirsiniz. Media sizin şəxsi mirzəniz deyil ki, istədiyinizi yazdırıb, istədiyiniz havaya oynadasınız.

Əvvəllən, jurnalistlər sizin qədər bekar deyil və sizin qədər də intriqa havasına uçmurlar. Başqa vaxt şikayətlənirsiniz ki, “sənətimiz qalıb, şəxsi həyatımızdan niyə yazırsınız?” Qınayırsınız ki, “bizə ancaq sənət barədə sual verin”. Buyurun, meydan sizindir: siz sənət göstərin, biz də gəlib işıqlandıraq. Sizin də sənətdən danışmağa sözünüz, səhnədə göstərməyə işiniz, bizim də yazmağa yazımız olar. Onda nə siz bizdən şikayətlənərsiniz, nə də biz sizdən inciyərik…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600