"Sporting"in ulduzu transfer böhranı ilə ÜZ-ÜZƏ
Bu yay Avropanın aparıcı klublarından birinə transfer olunacağı gözlənilən Viktor Gyökereş hazırda “Sporting”in iddialı mövqeyinin qurbanına çevrilmək üzrədir. Portuqaliya mətbuatının məlumatına görə, isveçli hücumçu transferinin gecikməsi səbəbindən ciddi şəkildə narahat və qəzəblidir.
Yenicag.az xəbər verir ki, bu barədə Portuqaliyanın tanınmış “Record” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Sporting rəhbərliyi futbolçunun transferindən bir neçə milyon avro artıq gəlir əldə etmək üçün prosesi ləngidir. Klub rəhbəri Frederik Varandaşın əvvəlki “centlmenlik razılaşmasını” pozduğu bildirilir. Məlumata görə, klub yalnız 80 milyon avrodan yüksək təklif gəldiyi halda Gyökereşin gedişinə icazə verəcək.
İngiltərənin nəhəng klublarından “Arsenal” və “Manchester United”ın 26 yaşlı forvetlə yaxından maraqlandığı artıq bəllidir. Lakin “Sporting”in yüksək maliyyə tələbləri bu transferlərin reallaşmasını sual altına salır.