Xarici diplomatlar üçün təlim proqramına başlandı
İyunun 10-da Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)” təliminə start verilib.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, illik əsasda keçirilən proqram beynəlxalq səviyyədə insan kapitalının inkişafı, Azərbaycanın təbliğatı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.
Cari ildə əsasən Asiya, Afrika, Latın Amerikası, Sakit okean və Şərqi Avropa regionalarından olmaqla 27 ölkədən 30 xarici diplomat proqramda iştirak edir.
Açılış tədbirində çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyev xarici diplomatlara proqramın məqsəd və əhəmiyyəti barədə məlumat verərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində qazandığı nailiyyətlərdən danışıb.
ADA Universiteti adından çıxış edən İxtisasartırma proqramının rəhbəri və Akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyeva proqramın məzmunu və ADA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli müxtəlif təlim proqramları haqqında geniş məlumat verib.
Cari ilin 21 iyun tarixinədək davam edəcək proqramda xarici diplomatlara ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları, eləcə də bir sıra dövlət qurumlarının mütəxəssisləri tərəfindən müxtəlif mövzulu, o cümlədən xarici siyasət, səmərəli diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm, rəqəmsal innovasiya ilə bağlı təlim və mühazirələr təqdim olunacaq.
Bununla yanaşı, iştirakçıların bir sıra rəsmi qurum və müəssisələrdə tanışlıq görüşləri keçirməsi, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat əldə etməsi, habelə Şuşa və Xankəndi şəhərlərinə səfərləri nəzərdə tutulur.
Xatırladaq ki, sayca səkkizinci olan proqramda indiyədək 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib. Cari ildəki iştirakçılarla birlikdə təlim proqramında təmsil olunan ölkələrin sayı 90-a, iştirak edən xarici diplomatların sayı isə təxminən 150-yə çatıb.