Media sizin şəxsi mirzəniz deyil – Cəvahir Səlimqızı yazır
Biz teatrı sənət məbədi kimi görmüşük və belə tanımışıq. Əfsuslar olsun ki, son vaxtlar teatrlarımız sənət məbədindən çox intriqa yuvasına çevrilib.
Konkretləşdirsəm, söhbət Akademik Milli Dram Teatrından gedir. O teatrdan ki, vaxtilə həmin teatrın səhnəsində bizim müqtədir aktyorlarımızın hadisəyə çevrilən tamaşaları anşlaqla müşayiət olunub. Özüm dəfələrlə o səhnəyə şahidlik etmişəm. Hətta elə aktyorlarımız olub ki, onlara sitayiş etmişik – həm sənəti, həm də şəxsiyyəti qarşısında. Elə indi də hər dəfə qulağım səsdə olur ki, hansısa bir tamaşanın premyerasına dəvət alacağam. Amma başqa xəbərlər almalı oluram. “Aktyor həmkarına kəllə atdı”, “aktyor həmkarını söyüb-suladı”, “aktyor aktrisa ilə əlbəyaxa oldu”, “rejissor aktrisanı təhqir etdi”, “işdən qovmaqla hədələdi” və s…
Şəxsiyyəti və sənəti ilə tamaşaçı qəlbini fəth edən Azərbaycan kinosu və teatrına adını əbədi həkk etdirən məşhur rejissor Adil İsgəndərov demişkən, qadam, nə vaxta qədər sənətə dəxili olmayan bu şəxsi intriqalarla tamaşaçıların könlünü bulandıracaqsınız?! Bezmədiniz, yorulmadınız?! Bəlkə bir-birinizə artıq “dur” deməyin vaxtı çatıb?! Mövsüm başa çatıb e, amma siz hələ də “fəaliyyətdə”siniz… Bir özünüzə sual verdinizmi ki, il başa çatıb, amma hələ də tamaşaçıya dedi-qodudan başqa heç nə təqdim etməmisiniz.
Ortada iş olsa, heç intriqaya da vaxt qalmaz, amma siz səhnədənkənar “tamaşa oynayırsınız”. Sizə elə gəlir ki, media bu şəxsi intriqaları işıqlandırmağa borcludur və “hansı havanı çalırsınızsa, o havaya da oynamalıdır.
İndi də intriqalarınızı daha da böyütmək, medianı da bura “kurs etmək” istəyirsiniz. Media sizin şəxsi mirzəniz deyil ki, istədiyiniz vaxt istədiyinizi yazdırıb, istədiyiniz havaya oynadasınız.
Əvvəla, jurnalistlər sizin qədər bekar deyil və sizin qədər də intriqa havasına uçmurlar. Başqa vaxt şikayətlənirsiniz ki, “sənətimiz qalıb, şəxsi həyatımızdan niyə yazırsınız?” Qınayırsınız ki, “bizə ancaq sənət barədə sual verin”. Dünyanın bütün media qurumlarında maqazin bölməsi fəaliyyət göstərir və onlar sənətçilər barədə tərəfdarlarını maraqlandıran ən son yeniliklər – istər şəxsi həyat olsun, istər yaradıcılıq– geniş və sensasion məlumatlar yayımlayırlar. Sirr deyil ki, məhz bu tip xəbərlər həmin media resurslarının geniş kütlələrə yayılmasının önünü açır. Həm media qurumları, həm də sənətçilər bundan razıdırlar, nəticədə qarşılıqlı qazanc situasiyası yaranır. Yəni həm sənətçilər reklam olunur, həm də media oxucu qazanır.
İndi onlarla bağlı olan maqazin xəbərləri daha çox çıxış edəcəkləri filmlər, tamaşalar, konsertlər, yeniliklər, həmçinin şəxsi həyatları barədə olur. Bizdə isə sənətçilər ancaq sənət barədə danışmaq istəyirlər. Lakin danışmağa başlayanda ağızlarından sənətdən başqa hər şey çıxır. Biz də jurnalist olaraq bunu yazanda “günah keçisi” elan edilirik.
Buyurun, sənətçilər, meydan sizindir: siz sənət göstərin, biz də gəlib işıqlandıraq. Sizin sənətdən danışmağa sözünüz, səhnədə göstərməyə işiniz, bizim də yazmağa yazımız olar. Onda nə siz bizdən şikayətlənərsiniz, nə də biz sizdən inciyərik…