“Qanunvericiliyə əsasən, seçki kampaniyasını aparmaq üçün prezidentıliyə namizədlərə müəyyən məbləğdə maliyyə vəsaiti ayrılır”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində namizədlərin mətbuat orqanları ilə əməkdaşlıq etmələrinin zəruriliyi haqda danışan media eksperti Yadigar Məmmədli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu dəfəki seçkilərdə də namizədlərin ödənişsiz təbliğat platformalarına üstünlük verdikləri müşahidə olunur:
“Biz artıq bunun şahidi olmuşuq. Namizədlərin özləri, yaxud da onların vəkilləri pulsuz reklam imkanlarından yararlanaraq, canlı efirdə fəaliyyətləri, seçki platformaları ilə bağlı mövqelərini ifadə ediblər.
Ancaq onların mətbuatın ictimai rəyə təsir gücünü də nəzərə almaları və media subyektləri ilə reklam əməkdaşlığına getmələri hər iki tərəf üçün faydalı olardı. Çünki qanunvericiliyə əsasən, seçki kampaniyasını aparmaq üçün prezidentıliyə namizədlərə müəyyən məbləğdə maliyyə vəsaiti ayrılır.
Dövlətdən ayrılan maliyyə hesabına həm çap, həm də onlayn media subyektlərində prezidentliyə namizədlərin təbliğat materiallarının yerləşdirilməsi mümkündür. Bir sözlə, seçki kapaniyasının gedişində medianın da siyasi reklam vasitəsilə müəyyən gəlir əldə etməsi təmin olunmalıdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az