“Hakimiyyət bu yolla məni və rəhbərliyində təmsil olunduğum partiyanı sıradan çıxarmaq istəyir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan parlamentinin müxalifətçi Milli Hərəkat Partiyasından olan deputatı, Rustavi şəhər məhkəməsi tərəfindən 4 min lari cərimələnən Azər Süleymanov deyib.
Süleymanov bildirib ki, məhkəmənin qərarı siyasi sifarişdir və o, kəsilmiş cəriməni ödəmək niyyətində deyil:
“Məhkəmənin cərimələnməyim haqqında qərarından apellyasiya şikayəti verilib. Bu işə avqustun 5-də baxılacaq.
Ancaq mən heç bir halda 4 min lari cəriməni ödəmək niyyətində deyiləm. Yəni o pulu ödəsəm, belə çıxır ki, mənə qarşı düzülüb-qoşulan saxta ittihamı qəbul edirəm. Eyni zamanda, cəriməni ödəməsəm, mənim həbs məsələmi qaldıracaqlar.
Düzdür, parlamentdə bu məsələ qalxanda, əksər deputatlar mənim toxunulmazlıq statusumun götürülməsinə qarşı çıxıblar. Lakin hökumət bu niyyətindən, yəni məni “zərərsizləşdirmək” fikrindən əl çəkməyəcək.
Bununla əsas müxalifət qüvvəsi sayılan və mənim də Siyasi Şura üzvü olduğum Milli Hərəkat Partiyasını zəiflətməyi, sıradan çıxarmağı düşünürlər.
Lakin mən qanun çərçivəsində hüquqlarımı sona qədər qoruyacam. Bu baxımdan, növbəti məhkəmə prosesini gözləyirəm”.
Qeyd edək ki, Azər Süleymanov azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda vətəndaşa qarşı zorakılıqda ittiham olunur.
A.Zeynalov
www.yenicag.az