Bu gün səhər saatlarında Hollandiyanın Limburq əyalətində onlarla texnikum tələbəsini daşıyan avtobus yanıb.
Yenicag.az yerli “L1 Nieuws” portalına istinadla xəbər verir ki, hadisə Roermond yaxınlığındakı Qratham kəndi yaxınlığında, N273 avtomobil yolunda baş verib.
Bildirilir ki, Avtobusun sürücüsü yanıq iyi hiss etdikdən sonra nəqliyyat vasitəsindən tüstünün çıxdığını görüb və dərhal avtobusu saxlayıb. Portal yazır ki, sürücünün vaxtında reaksiyası nəticəsində avtobusdakı bütün 40 sərnişin təhlükəsiz şəkildə boşaldılıb. Lakin bir müddət sonra avtobus tamamilə yanaraq yararsız hala düşüb. Avtobusda olan sərnişinlər, əsasən, 12-18 yaş arasında olan tələbələr olublar.
Qeyd olunur ki, onlar Belçikanın sərhədə yaxın Maaseik şəhərindəki texniki məktəbə gedirdilər. Artıq onlar üçün əvəzedici nəqliyyat vasitəsi təşkil olunub. Yanğının dəqiq səbəbi hələlik məlum deyil. Hadisə ilə əlaqədar N273 avtomobil yolu müvəqqəti olaraq bağlanıb.
www.yenicag.az