“Yaş sadəcə rəqəmdir, başqa heç nə”. Əcnəbi futbol adamlarından birinin fikridir, məncə razılaşmaq olar. Yusif kişinin oğlu Anarın doğum günü ərəfəsində futbol məsələsi hardan yadıma düşdü, bilmirəm… Onunla görüşlərimizdə, saatlarla sürən söhbətlərimizdə Anarın idmanın şahı barədə nəsə dediyini xatırlamıram. Zaman-zaman küsüb barışdığım dostum futbolun iki hissədən ibarət olduğunu, hər hissənin də 45 dəqiqə çəkdiyini bilirmi görəsən? 45 dəqiqə… Hə, yadıma düşdü, futbol mövzusu bayaqdan beynimi niyə qarışdırır, axı Anar Yusifoğlunun 45 yaşı tamam olur. 45 dostumuzun sevinci Anar, 45 düşmənimizə göz dağı Anar.
Dədələrdən qalma bir deyim var-dost dosta tən gərək. Anar çətinliklə üzləşən, dara düşən dosta tən gəlmir, həmin anda dostun tam özü olur. Problemi həll etməyincə rahatlıq tapmır.
Dostların bir tutumlu misrasına, bir uğurlu sətrinə, bir oxunaqlı məqaləsinə ürəkdən sevinməyi bacaran Anar. Mətbuatımızda izi, televiziyamızda özü olan Anar-Anar Yusifoğlu.
Doğma Yardımlının, doğulduğu Şıxlar kəndinin vurğunu, lap elə Məcnunu Anar. Böyük qardaşı, həmişə cavan ağsaqqal dostumuz İbrahim Yusifzadəni özünün şah damarı sayan Anar. Anar Yusifoğlu “Şah damarı”- qardaşı İbrahim müəllim haqqında yazılarının birində belə məqama toxunub: “…Mən Ondan tərbiyə almışam, məni böyüdən, cəmiyyətə hazırlayan o olub. Uşaq vaxtı əlimdən tutub böyüklərin məclisinə aparardı, məni onlarla ünsiyyətə çağırardı. Deyərdi, istəyirəm Anar özünü ifadə etməkdə çətinlik çəkməsin, onunla bağlı arzularım var…”
Bu yaxınlarda 8-ci sinifdə oxuyarkən “Xatirə dəftəri”mə yazdığı qeydlərinə bir də nəzər saldım. 27 il öncə mənə yazmışdı: “Əziz qardaşım, Anar. Qeyrətli, namuslu, vicdanlı, təmiz bir adam ol həyatda. Valideynlərinə, özündən böyüklərə, bütün qohum-əqrabaya hörmətlə yanaş ki, sənin də onların arasında hörmətin olsun…”
İbrahim müəllim xoşbəxt insandır ki, arzuları çox tez bir zamanda həyata keçib. Balaca qardaşı Anar onun xəyallarını, istəklərini gerçəyə çevirməyi bacarıb. Böyük qardaşın “Xatirə dəftəri”ndəki Anar bu gün ailədə, qohum-əqrabada, kollektivdə, media aləmində, dost-tanış çevrəsində tanıdığımız 45 yaşlı Anar Yusifoğludur.
Anarın bu 45 ildə qazandığı uğurun sirri nədədir? Birini mən bilirəm, dostumuz özünə inanmayana inanmır, heç vaxt… Doğru da edir. Onun uğurunun digər sirləri barədə başqa dostlarımız da yaza bilərlər. Yəqin ki, yazacaqlar da.
Ömür dediyimiz özü elə futbol kimi iki hissəli bir oyundu, sevinci, kədəri ilə, qələbələri, məğlubiyyətləri ilə. Yusif kişinin oğlu Anar ilk 45-i qalib kimi başa vurub. Qısa bir fasilədən sonra ikinci hissəyə davam…
www.yenicag.az