Qrenlandiya parlamenti vaxtından əvvəl toplanacaq
Qrenlandiya parlamenti ABŞ-nin adaya nəzarəti ələ keçirməklə bağlı açıqlamalarına cavabını müzakirə etmək üçün vaxtından əvvəl iclas çağıracaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qrenlandiya parlamentindəki beş siyasi qüvvənin liderlərinin birgə bəyanatında bildirilir ki, diplomatiya və beynəlxalq prinsiplərə əsaslanan dialoq axtarırlar: “Ölkəmizin gələcəyini digər dövlətlərin müdaxiləsi və ya tələsik qərarlar qəbul etmələri üçün təzyiq olmadan özümüz müəyyən etməliyik”.
İclasın tarixi hələ müəyyən edilməyib. Qrenlandiya parlamenti sonuncu dəfə ötən ilin noyabr ayında iclas keçirib, növbəti iclas isə fevralın 3-nə planlaşdırılıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ Qrenlandiyaya nəzarəti ələ keçirməlidir ki, Rusiya və ya Çin gələcəkdə bu strateji əhəmiyyətli və təbii sərvətlərlə zəngin ərazini ələ keçirməsin./unikal












