Veysəl Orucov Azərbaycanda yenidən aktivləşir – Xarici ölkə vətəndaşı Bakıda necə dini söhbətlər keçirir?
Bir neçə il öncə Azərbaycana girişi qadağan olunan əslən Gürcüstan vətəndaşı olan radikal təkfirçi Veysəl Orucov yenidən ölkəmizə ayaq açıb.
Sosial mediada yayılan görüntülərə görə, ölkəyə giriş qadağası tətbiq edilməzdən əvvəl müəyyən dini çevrələrdə radikallaşma meyillərinin formalaşmasına təsir göstərən fəaliyyətlərdə iştirak etmiş Veysəl Orucov qadağanın müddəti başa çatdıqdan sonra yenidən Azərbaycana gəlib. Bildirilir ki, son dövrlər onun xüsusilə Bakıya mütəmadi səfərlər etdiyi, müxtəlif dini mövzularda görüşlər keçirdiyi və yerli çevrələrlə əlaqələr qurduğu müşahidə olunur.
Qeyd edilir ki, Veysəl Orucov xarici vətəndaşdır və əvvəllər fəaliyyəti səbəbilə ölkəyə girişinə qadağa (stop) tətbiq edilib. Buna baxmayaraq, qadağanın bitməsindən sonra onun yenidən Azərbaycanda aktiv görünməsi diqqət çəkir. Vurğulanır ki, o, hazırda Əlixan Musayev ilə birlikdə hərəkət edir və eyni ideoloji xətt üzrə fəaliyyət göstərən çevrənin tərkibində yer alır.
Son dövrlər Orucovun təkcə Bakıda deyil, eyni zamanda bir sıra rayonlarda da göründüyü bildirilir. Yerli dini çevrələrlə əlaqələr qurmağa çalışdığı, bəzi tanınmış imam və axundların məzarlarını ziyarət etdiyi, Şəhidlər xiyabanına baş çəkdiyi qeyd olunur. Məlumatlara görə, bu addımlar onun özünü açıq şəkildə önə çıxarmadan, dini və simvolik jestlər vasitəsilə nüfuz qazanmaq, yenidən buranın dini mühitinə sızmaq cəhdi kimi dəyərləndirilir.
Müşahidələrə əsasən, bu fəaliyyətlər Orucovun əvvəllər təbliğ etdiyi ideoloji xətti yenidən canlandırmaq məqsədi daşıyır. Onun ölkəmizdə dini təbliğata başlaması, gizli görüşlər keçirməsi radikal meyillərin yenidən canlanmasına şərait yaradır və təhlükəli tendensiya kimi qiymətləndirilir.
Qeyd edək ki, Veysəl Orucov Səudiyyə Ərəbistanında dini təhsil alıb və Gürcüstan vətəndaşıdır. Onun Suriya ilə bağlı verdiyi fətvalar və çağırışlar nəticəsində minlərlə azərbaycanlı gəncin İŞİD sıralarına qoşulduğu iddia olunur. Həmin dövrdə əsasən Azərbaycanın rayonlarında təkfirçi və radikal ideologiyanı yaymaqla məşğul olduğu bildirilir.
Bu fəaliyyətlər fonunda onun təxminən beş il ərzində Azərbaycana girişinə qadağa tətbiq edildiyi qeyd olunur. Gürcüstanda isə terrorla bağlı iddialar əsasında bir müddət saxlanıldığı bildirilir. Hazırda Gürcüstanın kiçik kəndlərindən birində imamlıq etdiyi, qeyri-rəsmi şəkildə “xilafət” tipli qrup yaratdığı iddia edilir. Məlumatlara görə, o, insanlardan özünə beyət almağa çalışır, cümə namazına gəlməyənlərə cərimələr tətbiq edir və bu yolla gəncləri radikal ideologiya ətrafında toplamağa cəhd göstərir. Hətta dini-siyasi partiya qurmaq istədiyi, ancaq Gürcüstan qanunvericiliyinin onun önünü kəsdiyi də vurğulanır. Ancaq müxtəlif partiyalara sızmaq üçün onlarla işbirliyinə girmək istədiyi də gələn məlumatlar arasındadır.
Eyni zamanda bildirilən rəsmi xəbərdarlıqlara əsasən, Rusiya Federasiyasının müvafiq dövlət qurumları (FSB) Rusiyadakı müsəlman dini icmalarına Veysəl Orucovla hər hansı əlaqədən çəkinməyi tövsiyə edib. Xəbərdarlıqda qeyd olunub ki, onun Rusiya ərazisinə daxil olması halında saxlanılması nəzərdə tutulur. Səbəb kimi isə onun fəaliyyətinin Qərb ölkələrindən birinin xüsusi xidmət strukturları ilə əlaqələndirilməsi göstərilir.
O da bildirilir ki, Veysəl Orucovla bağlı proseslər region ölkələrinin aidiyyəti qurumları tərəfindən diqqətlə izlənilir.
Onun Azərbaycanda radikal dini sektorun əsas simalarından olan Əlixan Musayevlə ortaq hərəkət etdiyi, fikirlərinin də bir-biri ilə üst-üstə düşdüyü də yayılan iddialar arasındadır.












