İran üçün Venesuela modeli: Pezeşkian razıdır, Xamenei isə dirənir – Aqil Ələsgər yazır

media-hightechnic-468x90

 

İranda son günlərdə baş verən etirazlar artıq adi sosial narazılıq dalğası deyil.

İqtisadi çətinliklər fonunda başlayan aksiyalar qısa müddətdə siyasi məna kəsb edib və rejimin illərdir içində yığılıb qalmış ziddiyyətlərini üzə çıxarıb. Tehranın dialoq çağırışları küçədə qarşılıq tapmır. Küçə ilə hakimiyyət arasındakı məsafə o həddə çatıb ki, məsələ artıq “etirazları necə dayandıraq” yox, “dövləti necə saxlayaq” sualına çevrilib.

media-img_2448

Bu böhran fonunda əsas diqqət birbaşa Əli Xameneinin əlində cəmlənmiş real güc mexanizmlərinə yönəlir. Çünki İranda hakimiyyət təkcə siyasi institutlarla yox, əsasən silahlı strukturlar üzərindən qorunur. Xameneiyə bağlı bu güclər klassik dövlət ordusundan fərqli olaraq ideoloji sədaqət prinsipi ilə formalaşıb və rejimin dayağı rolunu oynayır.

Bu sistemin mərkəzində İnqilab Keşikçiləri Korpusu (SEPАH) dayanır. SEPАH təkcə hərbi qurum deyil; o, siyasi, iqtisadi və təhlükəsizlik şəbəkəsidir. Raket proqramlarından kəşfiyyata, iri iqtisadi layihələrdən daxili təhlükəsizliyə qədər geniş səlahiyyətlərə malikdir. Etirazların yatırılması, küçəyə nəzarət və rejimin qorunması birbaşa bu strukturun üzərinə düşür. SEPАH hökumətə deyil, birbaşa ali liderə tabedir və bu da onu Xameneinin əsas silahlı dayağına çevirir.

SEPАH-ın küçədəki əsas qolu Bəsic qüvvələridir. Yarı-hərbi və kütləvi xarakter daşıyan bu struktur etirazların dağıdılmasında, məhəllə və universitet nəzarətində, ideoloji basqı mexanizmlərində aktiv rol oynayır. Məhz Bəsic rejimin cəmiyyətin gündəlik həyatına nüfuz edən “aşağı səviyyəli” zor aparatıdır və son etirazlarda da əsasən bu qüvvələr ön plana çıxıb.

Xameneiyə bağlı üçüncü mühüm silahlı element isə SEPАH-ın tərkibində fəaliyyət göstərən Qüds Qüvvələridir. Bu struktur daxili etirazlardan çox, İranın regional strategiyasının hərbi alətidir. İraq, Suriya, Livan və Yəməndəki silahlı qruplarla əlaqələr, İsrail və ABŞ-a qarşı dolayı müharibə xətti məhz bu qüvvə üzərindən həyata keçirilir. Uzun illər bu xəttin simvoluna çevrilmiş fiqur Qasım Süleymani idi və onun heykəlinin etirazçılar tərəfindən dağıdılması ideoloji qorxunun qırıldığını göstərən mühüm siqnala çevrildi.

Bütün bunların fonunda klassik İran ordusu – Artesh – ikinci planda qalır. Rəsmi olaraq ali liderə tabe olsa da, daxili siyasi proseslərdə və etirazların yatırılmasında SEPАH qədər önəmli rol oynamır. Məhz buna görə də pərdəarxası müzakirələrdə ordunun müəyyən hissələrinin “SEPАH mərkəzli sistemin davamlı olmadığı” qənaətinə gəldiyi bildirilir.

Bu məqamda daha yumşaq, lakin köklü dəyişiklik nəzərdə tutan yeni bir ssenari gündəmə gəlir. Qeyri-rəsmi şəkildə “İrana Venesuela varianti” adlandırılan bu yanaşmanın əsas ideyası rejimin bir anda çökməməsi, lakin real hakimiyyət mexanizmlərinin tədricən dəyişdirilməsidir. Sistem formal olaraq qalır, amma onun içi yenidən dizayn olunur. Bu, inqilab yox, idarə olunan transformasiya cəhdidir.

Bu modeldə əsas fiqurlardan biri hazırkı prezident Məsud Pezeşkian hesab olunur. Plan ondan ibarətdir ki, Pezeşkian postunda qalır, lakin indiyə qədər olduğu kimi simvolik fiqur yox, real icra hakimiyyətinə çevrilir. İslahatlar kəskin ideoloji ritorika ilə yox, mərhələli addımlarla aparılır, əsas diqqət daxili sabitliyə və iqtisadi nəfəs almağa yönəlir.

Bu ssenarinin ən həssas nöqtəsi yenə də Xamenei faktorudur. Çünki Xamenei sistemdə qaldıqca hər hansı real islahat cəmiyyətdə inandırıcı görünmür. Buna görə də onun ya kənara çəkilməsi, ya da faktiki səlahiyyətlərini ötürməsi əsas şərt kimi müzakirə olunur. Bu addım rejimin sonu yox, əksinə, onun özünü qoruma instinkti kimi təqdim edilir.

Küçədə baş verənlər isə hakimiyyət üçün ciddi xəbərdarlıqdır. Aksiyalarda ölənlər, yaralananlar və minlərlə saxlanılanın olduğunu bildirir. İnternetin kəsilməsi isə dövlətin hələ də köhnə nəzarət reflekslərinə güvəndiyini göstərir. Bu prosesi izləyən “NetBlocks“ açıq şəkildə qeyd edir ki, informasiya blokadası etirazların yayıldığı bölgələrlə paralel aparılır.

Ən təhlükəli tendensiya isə nəsil uçurumudur. Gənclər inqilabi şüarlarla danışan dövləti özləri üçün yad hesab edir. “Qəzza yox, İran” kimi şüarlar xarici avantüraların daxili rifahın önünə keçməsinə açıq etirazdır. Bu, təkcə iqtisadi yox, dərin ideoloji böhranın göstəricisidir.

Nəticə etibarilə, İran bu gün iki yolun kəsişməsindədir. Ya Xameneiyə bağlı silahlı güclərin dominantlığını zəiflədərək idarə olunan dəyişiklik yoluna gedəcək, ya da islahatları gecikdirərək nəzarətsiz partlayış riskini artıracaq. “Venesuela varianti” kompromis cəhdi kimi görünür, lakin onun taleyi bir sualdan asılıdır: real güc mərkəzləri dəyişmədən bu sistem özünü nə qədər saxlaya bilər?
Və Xameneinin dirənişi, Trampa “Get öz ölkənlə məşğul ol” mesajı verib, aksiyaçıları üsyançı adlandırması İranda yanan ocağı daha da alovlandırmayacaqmı? Aksiyalarda kənar təsirlərin də olduğunu bilə-bilə kifayət qədər açıq bəyanatlar verilməsi, meydanoxumalar nə ilə nəticələnəcək? ABŞ-dan fərqli olaraq İsrail İranın parçalanmasında maraqlıdır. Vaşinqton isə parçalanmış İran yerinə islahatçı və güclü bir liderlə işləmək istəyir. O şəxsin isə hazırda Pezeşkiandan başqası olmadığı gün kimi aydındır. Pəhləvilərin geri dönüşü ABŞ tərəfindən arzuolunan hesab olunsa, hətta İrandan kənarda yaşayan elit kəsim üçün bu alqışlanacaq addım olsa da, şah rejiminin İranda nələr etdiyi hələ də xalqın təhtəlşüurunda qalır və başda Azərbaycan ostanları olmaqla, xalq kənardan gətiriləcək kuklanı qəbul etməyəcək. O səbəbdən də hazırkı prezidentin prossesi öz nəzarətinə götürüb, 1925-ci ildən sonra ilk dəfə İranı yenidən Azərbaycan türkünün idarə etməsinə dair tarixi şans yaranıb. Ən azından demokratikləşmə prossesi başa çatıb, İran molla xuntasından qurtulana qədər…

Aqil Ələsgər

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa