Mentalitetin “Səssiz Rejimi” və ya TikTok Ləyaqəti – yardım et, paklan!
Gəlin əvvəl bunu qəbul edək: Biz artıq məlumat istehlak etmirik. Biz küy uduruq, küy qəbul edirik.
Radio mühəndisliyində bir anlayış var — Signal-to-Noise Ratio (SNR).
Yəni faydalı siqnalın, lazımsız səs-küyə nisbəti. Siqnal zəifdirsə, küy çoxdursa — musiqi yox olur. Qalan yalnız xışıltıdır.
Bu gün cəmiyyət vəziyyət də təxminən eynidir. Amma problem texniki deyil. Problem mənəvidir. Biz artıq məlumat cəmiyyəti deyilik. Biz küy cəmiyyətiyik.
Siqnal zəifdir, səs-küy maksimum. Və bu küyün içində dəyərlər bir-bir sıradan çıxır.
Gecə baçqa, gündüz başqa… Əxlaq ekran kilidinə qədərdir?
Küçədə görsə, daşqalaq edəcəyi, ailə dəyərlərini “təhdid” adlandıracağı, “bizim cəmiyyətə yaraşmaz” deyə lənətlədiyi trans fərdin TikTok canlı yayımına 85 min insan yığılır. Küçədə görsə, nifrət etdiyi obrazı gecə telefonunda izləyən insan özünü iki yerə bölür. Bu maraq deyil. Bu statistikadır. Və bu statistikanın adı kollektiv riyakarlıqdır.
Gündüz “mentalitet” deyə bağıranların, gecə ekranın arxasında gizlənib o “qadağan olunmuş” həyatları seyr etməsi psixoloji bir anlayışla izah olunur: Kölgə arxetipi. İnsanın özündə boğduğu eybəcərlik, başqasında nümayiş olunanda ona həm iyrənc gəlir, həm də gizli həzz verir.
Bir üzü cəmiyyət üçündür. Bir üzü ekran üçün. Bu ikiüzlülük artıq istisna deyil, normadır. Çünki sosial media Insana həm baxmaq, Həm də məsuliyyətdən qaçmaq imkanı verir.
Əxlaq indi “public mode”dadır. Ekran bağlanan kimi söndürülür.
Biz baxmağı sevirik. Amma adını qoymaqdan qorxuruq. İzləyirik, sonra söyürük. Bəyənirik, sonra daş atırıq.
Bu, maraq deyil. Bu, basdırılmış istəklərin tamaşasıdır. Cəmiyyət öz kölgəsini izləyir, amma onu qəbul etməyə cəsarət etmir. Nəticə? Riyakarlıq sistemə çevrilir.
Sual sadədir: Əxlaqımız doğrudanmı ekran kilidi açılana qədərdir?
Xeyriyyəçilik, yoxsa günahların “yuyulma tarifi”
Bu xeyriyyəçilik deyil. Bu günah yuma mexanizmidir. Orta əsrlərdə kilsə indulgensiya satırdı. Bu gün sosial media toxunulmazlıq zirehi satır. Pul paylayan “paklanır”, cəmiyyət isə üç-beş manata öz dəyərlərini hərraca çıxarır. Bu gün sosial media eyni şeyi edir — sadəcə format dəyişib.
Canlı yayım + köçürmə + alqış = paklanma. Cəmiyyət rahatlayır: “Demək ki, o qədər də pis deyilmiş.” Beləcə ləyaqət ölçülür, etik məsuliyyət isə nağdlaşdırılır, pul qəhrəman olur.
Pul qəhrəman olanda
Canlı yayım, Bir telefon, Bir əl “yardım kampaniyası”.
Şərhlərə baxın:
– “Filankəs sübut etdi ki,yardım etmək üçün kişi olmaq lazım deyil.”
– “Min kişidən yaxşıdır.”
Nə vaxtdan bəri ləyaqətin ölçü vahidi pul oldu? Nə vaxtdan bəri etik məsuliyyət bank köçürməsi ilə əvəzləndi?
Pul nə vaxt qəhrəman olur?
- Dəyər susanda
- Prinsip yorulanda
- Vicdan izah tələb edəndə
Bir insan canlı yayımda pul paylayırsa, Keçmişi sorğulanmır. Davranışı müzakirə edilmir. Tənqid “nankorluq” sayılır.
Pul burada yardım deyil. Pul burada toxunulmazlıqdır.
Qəhrəman pul olanda qəhrəmanlıq ucuzlaşır. Və bir gün hər şeyin qiyməti olur — Amma heç nəyin dəyəri qalmır.
Əgər bir cəmiyyətdə pul dəyər olursa, qəhrəmanları artıq dəyərlər yox, skandallar, şoular seçir. Dəyərlər reytinqə uduzur. Əvvəllər nümunə olan insanlar vardı. İndi viral olanlar var. Əvvəllər sözün çəkisi vardı. İndi baxışın sayı var. Reytinq qalib gələndə Dəyər müdafiəsiz qalır.
Yaponiyanın üzərinə atom bombası düşdü. Şəhərlər dağıldı. İnsanlar öldü. Amma əxlaq dağılmadı. Çünki onlarda bir anlayış var: Haji — utanc.
Yapon üçün ləyaqətini itirib pul qazanmaq, ölümdən betərdir.
Bizdə isə küy o qədər yüksəkdir ki, vicdanın səsi eşidilmir. Maddi ehtiyacın məngənəsində sıxılan insan, mənəviyyatını TikTok-un “gift” düyməsinə qurban verir. Və buna normal həyat mübarizəsi adı qoyulur.
Mədə düşkünlüyü, yoxsa şüurlu məhv?
Bu küy təsadüfən yaranmır. Media və sosial media alqoritmləri bu “zibilliyi” məqsədli şəkildə önə çıxarır. Çünki skandal pul gətirir. Ciddi analiz isə baş ağrısıdır.
İdarə olunan kütlə isə küyün içində əylənir. Biz artıq elə bir dövrdəyik ki, dəyərlər dəyərsizləşib, saxtakarlıq isə “reytinq” adlanır.
Əvvəllər şəxsiyyəti status müəyyən edirdi. İndi isə izləyici sayı.
Bu küyün içində böyüyən uşaqlar sabah hansı siqnalı tutacaqlar?
Yoxsa onlar üçün də “yaxşı adam” olmaq sadəcə canlı yayımda pul paylamaqdan ibarət olacaq?












