Mənzil alanların DİQQƏTİNƏ – ƏDV-nin geri qaytarılması üçün nə edilməlidir? – İZAH

Güzəştli mənzil sahibləri müraciət əsasında ƏDV-nin qaytarılmasına nail ola bilərlər.

Yenicag.az xəbər verir ki, sosial şəbəkədə MİDA-nın yaşayış komplekslərindən ev alan vətəndaşın ƏDV-nin geri qayıtması ilə bağlı yaydığı məlumat güzəştli mənzil sahiblərinin marağına səbəb olub. Sərxan Ağayev adlı şəxsin yazdığına görə, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 25 may tarixinə kimi MİDA MMC-dən nağd və ya ipoteka ilə mənzil alanlara ƏDV-nin 30 faizi geri qaytarılır. Bunun üçün isə vətəndaşın müvafiq quruma müraciəti kifayət edir.

Məlumat üçün qeyd edək ki, ötən il Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydalarını” təsdiqləyib. Yeni qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini portala göndərir. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və sənədlərin düzgünlüyünü yoxlayır. “Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir”.

Əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov da açıqlama verərək bildirib ki, güzəştli mənzillərin satışına ƏDV daxil olsa da, ƏDV-nin qaytarılmasında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) məsuliyyət daşımır: “Bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətində olan məsələdir”.
Qeyd edək ki, güzəştli mənzil sahibi olan şəxslər ƏDV-nin qaytarılması ilə bağlı ətraflı məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə müraciət edə bilərlər

Gülşən Şərif