Kirayə gəlirlərinin vergiyə CƏLB OLUNMASI: Bazarın əsas problemi AÇIQLANDI

media-hightechnic-468x90

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlərin vergiyə cəlb olunması əksər hallarda bu kimi sövdələşmələrin qeyri-rəsmi bağlanmasına səbəb olur.

2026-cı ilin büdcə zərfinin layihəsində əksini tapan təklifə görə, kirayədən əldə olunan gəlirlərin 10 faizindən vergi tutulması qeyd olunur. Daha əvvəl bu rəqəm 14 faiz idi.

media-elnur-ferzeliyev

Mövzu ilə bağlı Yenicag.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev qeyd edib ki, bu halın qarşısını asanlıqla almaq olar.

O bildirib ki, burada notariatlar böyük rol oynaya bilər:

“Qanunvericiliyə əsasən, gəlir əldə edən hər şəxs vergiyə cəlb olunur. Mənzilini kirayə verən vətəndaş da əldə etdiyi gəlirin 10 faizini vergi kimi verməlidir. Hazırkı məqamda şəxslər arasında müqavilə bağlanması üçün mənzilin çıxarışı olmalıdır. Ancaq bəzi hallarda müqavilə bağlandıqda da fiziki şəxs daha az vergi ödəmək üçün sənəddə məbləği az göstərir. Hətta bir çox hallarda müqavilə bağlanmayaraq evlər kirayəyə verilir. Lakin aidiyyəti dövlət qurumları hansı mənzilin şəxsi istifadədə, hansının isə kirayədə olduğunu bilir. Bundan başqa, məbləğin az göstərilməsinin qarşısını almağın da sadə yolu var. Notariuslar müqaviləni təsdiq etdiyi zaman hansı ərazidə əmlakın orta qiyməti nə qədərdir, onu müəyyənləşdirə bilərlər. Məsələn, hazırda çoxmənzilli binalarda 300 manata 1 otaqlı mənzil əldə etmək mümkün deyil. Orta qiymət cədvərinə əsasən bu məsələnin qarşısını almaq mümkündür”.

Ekspert vurğulayıb ki, vətəndaş kirayə müqaviləsini bağlamağa özü təşəbbüs göstərməlidir:

“Vergi məsələsi illərdir ki, qüvvədədir. Daha əvvəl bu rəqəm 14 faiz idisə, indi 10-a endirilib. Kirayə müqaviləsi üçün isə mənzilin mütləq şəkildə çıxarışı olmalıdır. Ölkənin böyük şəhərlərində, xüsusən Bakıda bir çox mənzil kirayədədir. Qeyri-yaşayış sahələri icarəyə verildikdə mütləq şəkildə müqavilə imzalanır. Çünki icarəyə götürən şəxs həmin ünvana kassa aparatı və digər sənədləşdirmə üçün ünvan qeyd etməlidir. Onlardan isə həmişəki qaydada 14 faiz civarında vergi alınacaq. Bu, mənzillərə də aid idi, lakin sözügedən məsələnin sərt formada tətbiqi qiymət artımına gətirib çıxaracaqdı. Ona görə də hazırkı vəziyyətdə yaşayış evlərinə bu məsələni sərt şəkildə tətbiq etmirlər”.

O əlavə edib ki, vətəndaş bütün hallarda mənzilini sığortalamalıdır:

“Bir çox hallarda mənzillər tələbələrə kirayəyə verilir və bu halda sığorta hadisələri daha çox olur. Bəzən hansısa formada məsuliyyətsizlik su basmalarına, qaz axıntısına, qısa qapanmalara gətirib çıxarır. Müqavilə imzalandıqda sığorta məsələsi də nəzərə alınmalıdır. Minimum 50 manat illik sığorta haqqı ödəməklə dəymiş ziyanın müəyyən hissəsini qarşılamaq mümkündür. Bu, məhkəmə mübahisələrinin də qarşısını almaqda kömək olur. Bütün hallarda kirayə verən və qarşı tərəf icarə müqaviləsini bağlamaqda maraqlı olmalıdır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa