Məqsəd təkcə Ukrayna DEYİL – Kreml nəyi GİZLƏDİR?
“Rusiyanın hədəfi tək Ukrayna deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Millət vəkili bu gün İstanbulda keçiriləcək olan Rusiya və Ukrayna rəsmilərinin növbəti görüşünü şərh edib:
“Əslində, bu gün müharibənin davam etməsi hər iki ölkə üçün çox ciddi itkidir və hər iki ölkə üçün ciddi problem yaradan məsələdir. Xüsusilə dünən Ukraynanın Rusiyaya hücumu Rusiya üçün çox ciddi itkilərə səbəb oldu. Yayılan məlumatlara əsasən, 40 təyyarə, eyni zamanda 2 milyarda yaxın vəsaitdən söhbət gedir. Bu hadisə onu deməyə əsas verir ki, bəlkə də Rusiya tərəfi keçirilən bugünkü danışıqlarda yüksək səviyyədə təmsil olunsun, daha fəal iştirak etsin”.
C. Məmmədov qeyd edib ki, Rusiyanın dünənə qədərki və dünənki itkilərinin səbəbi atəşkəsə indiyə qədər razı olmamasıdır:
“Rusiya tərəfi atəşkəs imzalamağa razı olsaydı, bu qədər itkilərlə üz-üzə qalmazdı. Bu, Rusiya üçün böyük itkilərdir. Ukraynanın bu hücumu sıradan bir məsələ deyil. Ona görə də bugünkü danışıqlar çox önəmlidir. Biz ümid etmək istəyirik ki, nəticələr olacaq. Çünki bütün dünya bu müharibənin bitməsini istəyir”.
O, həmçinin bugünkü görüşdə müharibənin dayandırılması istiqamətində hər hansı irəliləyiş görmədiyini də əlavə edib:
“Mənə elə gəlir ki, Rusiya bütün bunlara baxmayaraq, bir müddət müharibəni davam etdirəcək, müharibə hələ dayanmayacaq. Proseslərin təhlili onu göstərir ki, hazırda vəziyyət bu istiqamətdə gedir. Biz ümid edirik ki, Rusiya müharibəni bitirməyin vaxtı olduğunu anlayacaq. Ümid edirik ki, tezliklə müharibə bitəcək və bölgəmizə sülh gələcək. Hər bir halda, indidən sülh razılığı olacağını demək çətindir. Rusiya sona qədər getmək istəyir və onların hədəfi tək Ukrayna deyil, başqa hədəfləri də var. Ona görə də proses bu formada bir müddət davam edə bilər”.
Nurlan Cəfəri