!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Meral Akşenər seçkidə Kılıçdaroğlunun məğlubiyyətinə görə məsuliyyət daşımaq istəmir” – ŞƏRH

!Reklam – Yazi

“CHP və İYİ partiya təmsilçilərinin sosial şəbəkələrdə bir-birilərinə “savaş” açmaları da vəziyyətin gərginliyindən xəbər verir”.

Bu fikirləri Türkiyə müxalifətinin əsas hissəsini birləşdirən “Altılı masa” formatında vahid namizədin müəyyənləşdirilməsi məsələsində yaranan ziddiyyətlərin səbəbləri haqda danışan politoloq Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Altılı masa”ya daxil olan 6 partiyadan 5-nin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməsi münasibətləri gərginləşdirib:

“Bildiyiniz kimi, “Altılı masa”nın dünən keçirilən toplantısında iştirakçı partiyalar prezident seçkilərində mübarizə aparacaq vahid namizədlərini müəyyənləşdirməli idilər. Lakin bir neçə saat davam edən toplantıdan sonra vahid namizədin elan olunmasının martın 6-na qədər təxirə salındığı bildirildi.

Toplantıdan sonra müşahidə edilənlər və “Altılı masa” üzvlərinin davranışları isə vahid namizədin müəyyənləşdirilməsi məsələsində köklü fikir ayrılıqlarının yarandığına şübhə yeri qoymur. Artıq məəlumdur ki, İYİ partiya istisna olmaqla, formatdakı digər beş partiya CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyir.

Bu məsələdə fərqli mövqe tutan İYİ partiyanın lideri Meral Akşenər isə Kılıçdaroğlunun hakimiyyətin namizədi olan Rəcəb Tayyib Ərdoğanla mübarizə apara biləcək gücdə olmadığı qənaətindədir. O baxımdan, Akşenər son mitinqlərdə səsləndirdiyi fikirlərində qalaraq, “Altılı masa”nın İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun, yaxud da Ankaranın bələdiyyə sədri Mənsur Yavaşın namizədliyini dəstəkləməli olduğunu düşünür.

Toplantıdan sonra yaranan gərginlik, CHP və İYİ partiya təmsilçilərinin sosial şəbəkələrdə bir-birilərinə “savaş” açmaları da vəziyyətin gərginliyindən xəbər verir. Əslində, Akşenərin bu nümayişkar davranışının izahı sadədir. O, Kılıçdaroğlunun Ərdoğanla rəqabətdə labüd məğlubiyyətini görür və buna görə məsuliyyət daşımaq istəmədiyini ən açıq formada büruzə verir. Ancaq “Altılı masa”dakı çoxluq məhz Kılıçdaroğlunun namizədliyində təkidlidir. Böyük ehtimalla, martın 6-da bu mövqe qərar formasında rəsmiləşəcək. Bu addımın “Altılı masa”da və ümumiyyətlə, müxalifət daxilində hansı vəziyyəti doğuracağını qarşıdakı günlərdə görəcəyik”.

A.Zeynalov

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv