2021-ci ildə Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib, valyuta bazarında əməliyyatların azalması müşahidə edilib ki, bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilir.
Ötən il nağdsız valyuta bazarında aparılmış əməliyyatların məbləği əvvəlki ilə nəzərən 7,4 % artaraq 27,8 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,4 %-i dollarda, 13,6 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,7 %-i banklararası valyuta bazarında (BVB), 70,3 %-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Dövr ərzində BVB-də əməliyyatların 99,5 %-i dollarda, 0,5 %-i avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının məbləği 19,5 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 80,9 %-ni dollarla əməliyyatlar təşkil edib, 95,2 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri illik müqayisədə 21,5 % azalaraq 4 milyard dollar ekvivalentində olub. Bunun 85 %-ni dollarla aparılmış əməliyyatlar təşkil edib.
www.yenicag.az